Dələduzluqda təqsirləndirilən AENT-E Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əkbər Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Əkbər Cəfərov Xətai rayonu, Gəncə prospektində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satıb, 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.
İstintaq orqanı tərəfindən Əkbər Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilib.
Qeyd edək ki, Əkbər Cəfərov 2017-ci ildə də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub və 11 il cəza alıb.