"Azərbaycan Beynəlxalq Bankı" ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Cəbrayıl Süleymanlı ifadə verib.
O, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitutunda mühəndis işlədiyini bildirib. Cəbrayıl Süleymanlı qeyd edib ki, Dünyamin Xəlilova məxsus şirkətlərin tikinti işlərinin Forma 2-ni yoxlayıb: "Bizə tapşırıq nazirlikdən verilmişdi. Yasamalda, Zaqatalada görülən işlərin sənədlərini təqdim edirdilər, biz də yoxlamışıq. Yəni Forma 2 verilirdi, biz də həcmini hesablayıb tərtib edirdik".
Daha sonra Beynəlxalq Bankın sabiq filial rəhbəri olmuş İlqar Abdullayev də ifadə verib.
Məhkəmədə elan olunub ki, İlqar Abdullayev daha əvvəl Cahangir Hacıyevlə birgə ittiham edilib, məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İlqar Abdullayev qeyd edib ki, bankda yüksək məbləğdə kreditlərin verilməsi Kredit komitəsinin qərarı ilə olub.
Cahangir Hacıyevlə birgə daha əvvəl ittiham edilən iş adamı Kənan Orucov şahid qismində ifadə verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb, hazırda sınaq müddəti başa çatıb.
Kənan Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib: "Spotline" şirkəti 1.5 milyon manatlıq kreditlə bağlı müraciət etdi. Mən də Kredit komitəsinə məlumat verdim. Sonra sənədlər hazırlandı, həmin şirkətə kredit verildi".
Suallara cavab verən Kənan Orucov bildirib ki, iri məbləğli kreditlərin verilməsi üçün Kredit komitəsindən göstəriş verilib.
Prosesdə fasilə elan olunub.
İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslərdən İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.
Bundan başqa, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erxan Cavad daha əvvəl bu iş üzrə həbs edilib.
İstintaq dövründə Nərimanov rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Erxan Cavad məhkəmə zalında azadlığa buraxılıb.
Cahangir Hacıyev və digər şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Həmin dövrdə Cahangir Hacıyevlə birlikdə 7 nəfər də mühakimə olunub. Həmin hökmə əsasən 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.