30 Aprel 2019 12:29
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Yusif Filatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yusif Filatov həmkəndlisi Vüsal Əhmədovun Cəlilabad rayonu, Muğan kəndində icarəyə götürdüyü çayxanada onunla domino oynayıb.

Bu zaman Yusif Filatov ona səhv oynamasını irad tutub. Onların arasında mübahisə yaranıb. Vüsal Əhmədov Yusifin çayxanadan çıxmasını tələb edib.

Yusif tələbi yerinə yetirməyib. Bundan əsəbiləşən Vüsal Əhmədov onu nalayiq sözlərlə söyüb. Təhqiramiz ifadələrdən hirslənən Yusif qisas almaq qərarına gəlib.

Bu məqsədlə özündə olan bıçaqla Vüsal Əhmədovun qarın nahiyəsinə zərbə endirib.

Çayxana sahibi vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Yusif Filatovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrlik etdiyi kollegiyada baxılıb.

Yusif Filatov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Yusif Filatov apelyasiya şikayəti verib. Özünü təqsirli bildiyini qeyd edən Yusif Filatov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şikayət Şirvan Apelyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.

Yusif Filatovun apelyasiya şikayəti təmin edilib və onun cəzası 1 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər