“Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir”.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkə kimi qiymətləndirilən 1920-1950-ci illərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütəfəkkirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qalıblar:
“Düşünülmüş surətdə təhlükəsizlik orqanlarında, xüsusən də ölüm hökmləri çıxaran "üçlük"lərin tərkibində yerləşdirilən erməni daşnakları tərəfindən millətimizin qabaqcıl simaları, sözün əsl mənasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sürgünlərinə məhkum edilib, neçə-neçə nəsillərin ən layiqli nümayəndələri yaşayıb-yaratmaq imkanından məhrum olunublar.
O illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin repressiya məngənəsi altında nə qədər say-seçmə azərbaycanlının məhv edilməsi, nə qədər Vətən övladının gələcəyinin üzərindən xətt çəkildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür.
Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəzasına məhkum edilib.
Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibi, 29 rayon İcraiyyə komitəsinin sədri, 57 zavod və mədən direktoru, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 partiya və həmkarlar ittifaqı işçisi, 8 professor həbs edilib, əksəriyyəti güllələnib.
Ümumiyyətlə, 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün ediliblər”.