5 İyun 2019 22:00
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş S.Babayev və Lənkəran şəhər sakini V.Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10 qramdan artıq heroini 55.000 manata satmaq istəyən zaman saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində həyata keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq dəstənin daha bir üzvü - Beyləqan rayon sakini O.Əhmədov da müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxslərə məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqramdan artıq heroin götürülüb. Həmçinin O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqramdan artıq satış üçün nəzərdə tutulmuş heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər