3 İyul 2019 09:20
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almada təqsirləndirilən Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və rüşvətə təhrikdə ittiham edilən məsləhətçi Şahid Allahverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun yaydığı birgə məlumatına görə, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və onun məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Arif İsmayılova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Şahid Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər