Bakının Xəzər rayonunda arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Sənan Seyidov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib.
Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu həbs edilib.
İstintaq orqanı tərəfindən Sənan Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.