Abşeron rayonunda keçmiş arvadına xəsarət yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Vasif İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vasif İslamov bu il fevralın 6-da, saat 21 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evində keçmiş həyat yoldaşı Cəmilə İslamova ilə mübahisə edib.
Mübahisəyə səbəb Vasif İslamovun Cəmilə İslamovaya aliment ödəməməsi olub. Həmin vaxt Cəmilə İslamova keçmiş ərinə iradını bildirib. Mübahisə zamanı Vasif İslamov Cəmilə İslamovanı döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Vasif İslamovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Vasif İslamov aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Cəmilə İslamova apelyasiya şikayəti verib. O bildirib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində islah işləri cəzası tətbiq etməklə yüngül cəza təyin edib.
Onun sözlərinə görə, birinci instansiya məhkəməsi cinayət əməlinin iki körpə uşağın gözləri önündə bir anaya qarşı törədilməsini nəzərə almayıb: “Təqsirləndirilən şəxsin əməli yüngül formada qiymətləndirilib və ona təyin edilmiş cəza təqsirləndirilən şəxsin islah edilməsi üçün əsas deyil”.
Zərərçəkmiş təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Onun şikayəti araşdırılmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda çıxış edən Cəmilə İslamova apelyasiya şikayətindən imtina etdiyini deyib. O, keçmiş əri ilə barışdığını, bu səbəbdən şikayətçi olmadığını söyləyib.
Hakim heyəti Abşeron rayon Məhkəməsinin hökmünün ləğv edib və Vasif İslamov cinayət məsuliyyətindən azad edilib.