Bakıda əcnəbi vətəndaşlara qarşı cinayət törədənlərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da əcnəbi vətəndaş Z.Kotsevaya zor tətbiq edərək içərisində 120 manat və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıb.
Bundan başqa, Səbail rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş B.Yetimov 2017-ci ilin yanvar ayında bir nəfərin onu aldadaraq 5100 manatını aldığını bildirib.
8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Cəfərov müəyyən edilərək saxlanılıb.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş N.Abakirova yanvarın 5-də hosteldə yaşadığı otaqdan mobil telefonunun və 2000 lirə pulunun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Mustafayev saxlanılıb.