13 Yanvar 2020 15:17
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətldə təqsirli bilinən 1982-ci il təvəllüdlü Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Loğman Alıyev Nərimanov rayonundakı çay evində qonşuları Samir Hacıyev və Kamil Heybətovla eyni masada əyləşib pivə içib.

Bu zaman o, əvvəllər dostluq etdiyi, lakin sonradan münasibətləri pisləşmiş Elçin Tapdıqovun “BMW X5” markalı avtomobillə çay evinin qarşısından keçəndə onları görərək ünvansız söyüş söydüyünü eşidib.

Elçin Tapdıqov söyüş söydükdən sonra maşınyla oranı tərk edib. Loğman Alıyev də çay evindən çıxıb və Elçin Tapdıqovun nalayiq sözlərini özünün ünvanına qəbul edib, ondan dayanmağı tələb edib.

Elçin Tapdıqov avtomobili ilə geri qayıdaraq həmin çay evinin yanında dayanıb. Loğman Alıyev ona yaxınlaşaraq avtomobildən düşməsini və münasibətlərini aydınlaşdırmaq məqsədi ilə kənar şəxslərin olmadığı yerə getməyi təklif edib.

Onlar birlikdə həmin küçədəki 32 nömrəli evin həyət darvazasının qarşısına gəliblər.

Loğman Alıyev üzərində gəzdirdiyi bıçaqla Elçin Tapdıqova ardıcıl zərbələr vurub. Daha sonra yerə yıxılan Elçin Tapdıqovun üstünə çıxaraq, bıçaqla vurmaqda davam edib. Elçin Tapdıqov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Loğman Alıyev barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Loğman Alıyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Loğman Alıyevin apelyasiya şikayəti təmin olunub və onun ittiham olunduğu maddələr dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və cəzası 12 ilə endirilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Loğman Alıyevin barəsində olan Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən olunması üçün cinayət işinin apelyasiya instansiya məhkəməsinə qaytarılmasını istəyib.

Həmçinin təqsirləndirilən Loğman Alıyev daha yüngül cəza təyin olunması üçün kasasiya şikayəti verib.

Hər iki şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokurorun portesti, təqsirləndirilən şəxsin şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti və təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər