4 Fevral 2020 11:24
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qayınatasını öldürməkdə təqsirli bilinən Səfər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il oktyabrın 23-də, saat 11:30-da Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini Səfər Qurbanov 2017-ci ildə rəsmi boşandığı qadının atası Əlihüseyn Qədirovun evinin qarşısına gələrək onu öldürüb.

Boşanandan sonra başqa qadınla evlənən Səfər Qurbanov keçmiş həyat yoldaşı Gülyanə Qədirovanın da ailə quracağını eşidib. Bununla razılaşa bilməyən Səfər keçmiş qayınatasının evi qarşısına gələrək kişini çölə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə baş verib və Səfər Qurbanov özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirib. Mədə, döş qəfəsi, kürək və qol nahiyələrindən ağır xəsarət alan Əlihüseyn Qədirov hadisə yerində vəfat edib.

Səfər Qurbanov hadisədən sonra Xaçmaz rayon polis şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.

İstintaq orqanı tərəfindən Səfər Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov