Bakı şəhər Baş Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı keçirdiyi əməliyyat tədbirləri ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsinin cinayət axtarış bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyən olunaraq saxlanılıb.
Əməliyyat zamanı saxlanılan, əvvələr CM-nin 177-ci maddəsi ilə məhkum olunanan 1996-cı il təvəllüdlü Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti rayon ərazisində narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəxsi gecə saatlarında aşkarlayaraq, 43-cü polis bölməsinə təhvil veriblər.
Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran, Mingəçevir şəhər sakini, əvvələr CM-nin 331-ci maddəsi ilə məhkum olunan, 1992-ci il təvəllüdlü A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.
Oxşar əməliyyat Qaradağ rayonunda da keçirilib.
11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Ələt qəsəbə sakini 1982-ci il təvəllüdlü E.İ-dən 0, 520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb.
Bütün faktla bağlı araşdırmalar davam etdirilir.