3 Mart 2020 14:04
2 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bacısının ərini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Vüqar Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, 3 oktyabr 2018-ci il tarixdə, saat 23 radələrində Elbrus Ələkbərov sərxoş vəziyyətdə arvadı Ülviyyə Ələkbərova ilə mübahisə edib.

O, arvadını növbəti dəfə döyüb, onun ünvanına nalayiq sözlər işlədib, ibadət etməsini təhqir edib.

Bunu eşidən Ülviyyə Ələkbərovanın qardaşı Vüqar Əkbərov oktyabrın 4-də, gecə saat 2 radələrində anası Mətanət Əkbərovanın yaşadığı Tovuz rayonu Qovlar şəhəri, Azadlıq küçəsindəki nömrəsiz evə gəlib.

Bu zaman bacısı Ülviyyə də ərinin əlində çıxaraq ora gəlib. Vüqar Əkbərov bacısından yeznəsinin hərəkətləri barədə xəbərdar olub. Vüqar onu cəzalandırıb, qisas almaq qərarına gəlib.

Vüqar Əkbərov bacısının evdə qalmış uşaqlarını gətirmək adı ilə anasının evindən çıxıb və idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Elbrus Ələkbərovun yaşadığı evə gedib. Həmin vaxt yataq otağındakı çarpayıda olan bacısı uşaqları Leyla və Hikmət Ələkbərovları evdən çıxarıb, öz avtomaşınına əyləşdirib.

Daha sonra o, yeznəsini diri-diri yandırmaq qərarına gəlib. Avtomaşının yük yerindəki iki litr həcmli plastmas qabdakı benzini götürüb və yenidən yataq otağına qayıdıb.

Vüqar Əkbərov qabdakı benzini həmin vaxt çarpayının üstündə oturan Elbrus Ələkbərovun başına, sifətinə, sonra isə döşəməyə tökərək alışqanla od vurub, hadisə yerindən qaçıb.

Elbrus Ələkbərovun qışqırıq səsinə köməyə gələn, onunla eyni həyətdə yaşayan qardaşı Eldəniz və arvadı Cəmalə alovu söndürüblər.

Elbrus döş qəfəsinin ön və arxa səthlərinin, qarın nahiyəsinin, bel nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüqar Əkbərov barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Əkbərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Vüqar Əkbərov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilməsini istəyib.

Vüqar Əkbərovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Vüqar Əkbərovun şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər