5 Mart 2020 15:57
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Dağbəyi Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Dağbəyi Əhmədli Bərdə şəhəri, Qarabağ qəsəbəsi ərazisində yerləşən Səadət Nəsibovaya məxsus mağazanın qarşısında həmyerlisi Sənan Məmmədovla söhbət edib.

Bu zaman onların arasında mübahisə yaranıb. Dağbəyi onları aralamağa çalışan Sənan Məmmədovun dostu Rəsul Səfərovun döş qəfəsi nahiyəsindən bıçaqla vurub.

Yaralıya xəstəxanada göstərilən tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Dağbəyi Əhmədli həbs edilib.

İstintaq orqanı tərəfindən Dağbəyi Əhmədlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dağbəyi Əhmədli 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Dağbəyi Əhmədli apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Rəsul Səfərov və Sənan Məmmədov heç bir səbəb olmadan onu yumruqla vurublar. Bildirib ki, aralarında heç bir narazılıq olmadığı halda Rəsul Səfərov onu kürək nahiyəsinə və ayağına dörd-beş dəfə bıçaq zərbələri endirib: “Bundan sonra özümü itirdim, Rəsul Səfərova bir necə bıçaq zərbəsi endirdim. Bunları qeyd etməklə özümə bəraət qazandırmıram.

Lakin hesab edirəm ki, məlum cinayətin baş verməsinə dair əsas səbəbkar Sənan Məmmədov cinayət məsuliyyətindən kənarda qalıb. Birinci Sənan Məmmədov mənə xəsarət yetirib”.

Dağbəyi Əhmədlinin sözlərinə görə, “epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə 2-ci qrup əlildir. O, qeyd edib ki, qardaşı Elbəyi Əhmədli də həmin xəstəlikdən əziyyət çəkir: “Anam və atam da eyni xəstəliklərdən əziyyət çəkmələrini yüngülləşdirən hal kimi qiymətləndirilməsini istəyirəm. Hətta atamın 2-ci qrup Qarabağ müharibəsi əlili olması da kifayət qədər nəzərə alınmayıb”.

Dağbəyi Əhmədlinin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Dağbəyi Əhmədlinin şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər