Yevlax rayonunda azyaşlıya qarşı əxlaqsızlıq hərəkətlər etməkdə ittiham olunan Əlövsət Əliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Toğrul Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin edilib.
İttihama görə, Əlövsət Əliyev yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib. Qızın valideynləri onun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib.
Əlövsət Əliyev həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, bu maddə ilə mühakimə olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.