Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisində “KİA” markalı avtomobildən 1000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev saxlanılıb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 20-dən cari il aprelin 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 5100 manat dəyərində qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmidov saxlanılıb.
Daha bir əməliyyat paytaxtın Nizami rayonunda keçirilib.
Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Keşlə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Nəsirovun 900 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əsədov saxlanılıb.