Astara rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səncərədi kənd sakini Çingiz Eyvazov bir bükümdə narkotik vasitə heroin satarkən cinayət başında saxlanılıb.
Baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi daha bir büküm heroin aşkarlanaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri ilə Ç.Eyvazovun narkotik vasitəni Astara şəhər sakini Elnur Mirzəyevdən aldığı müəyyən edilib və həmin şəxs saxlanılıb.
Elnur Mirzəyevdən satış məqsədilə üzərində gəzdirdiyi 1 büküm psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayonun Ərçivan qəsəbəsinin sakini Sərxan Cəfərov bir büküm psixatrop maddə olan metamfetamini satdıqdan sonra saxlanılıb və üzərinə keçirilən şəxsi axtarış zamanı ondan daha bir büküm metamfetamin aşkarlanaraq götürülüb.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Gərmətük qəsəbəsinin sakini Əli Axundov saxlanılıb.
Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 kiloqram 800 qram narkotik vasitə heroin, 2 kiloqram 650 qram tiryək və 254 qramdan artıq psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Onun Gərmətük kəndində yerləşən yaşadığı evdən isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 19 ədəd patron aşkar edilib.