Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Rasim Məmmədov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.
Hökmdən təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti verib. Müdafiə tərəfi Rasim Məmmədova ağır cəza verildiyini əsas gətirib. Vəkil şikayətində Rasim Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan olunub. Qərara görə, Rasim Məmmədovun apelyasiya şikayəti təmin edilməyib. Baş Prokurorluğun Rasim Məmmədovin barəsində ömürlük azadlıqdan məhrum edilməsi barədə apelyasiya protesti də təmin edilməyib.
Hacı Zeynalov