Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Namiq Məhərrəmov yaşadığı evin yaxınlığında tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış üçün hazırlanmış beş bükümdə narkotik maddə olan metamfetamin, bir bükümdə heroin, bir ədəd “Methodone-40” həbi və bir ədəd elektron tərəzi aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən eyni gündə keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş daha iki rayon sakini, 54 yaşlı Famil Zahidov və 41 yaşlı Feyruz Zeynallı da saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların üzərilərinə baxış keçirilən zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Siyəzən rayon polis şöbəsində cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.