1 Oktyabr 2014 17:45
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda bir ailənin 7 üzvünü öldürən şəxs istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, Goranboy rayon Prokurorluğunda istintaqa ilkin ifadə verən Rafiq Hüseynov törətdiyi cinayəti etiraf edib.

Əvvəllər bir dəfə ailə qurduğunu deyən şübhəli şəxsin sözlərinə görə, birinci arvadı ilə ayrılandan sonra 30 yaşlı Südabə Məmmədova ilə ailə həyatı qurub. O, deyib ki, Südabə Məmmədovaya atası və qardaşında başqa qohumları ilə görüşməsini, danışmasını qadağan edib. Rafiq Hüseynov əlavə edib ki, bu günlərdə ikinci arvadının qohumlarından birində məclis olub: “Arvadım da həmin məclisdə əmisi oğlu ilə görüşdü. Bu məni çox əsəbləşdirdi. Çünki mənim qoyduğum şərtləri pozmuşdu. Buna görə də onu döydüm. Arvadımı döyəndən sonra kənd içinə getdim və geri qayıdan zaman arvadımı evdə görmədim. Öyrəndim ki, atası evinə gedib. Arvadıma zəng vurdum və evə gəlib-gəlməsi ilə maraqlandım. Zəngimə cavab verən qayınatam qızını geri qayıtmağa qoymayacağını dedi”.

Onun sözlərinə görə, gecə yarısı arvadını geri qayıtmaq məqsədilə qayınatası evinə gəlib. O, deyib ki, darvazanın yanında dayanaraq həyat yoldaşını səsləyib: “Bu zaman qaynım Namiq eyvana çıxdı və mənə kobud cavab verdi. O, arvadımın geri qayıtmayacağını dedi və həyətlərindən getməyimi tələb etdi. Bu zaman onunla mübahisə etdim. Bizim səs-küyümüzə evdə olan digər şəxslər çıxdı. Onlar da məni söyməyə başladılar. Özümdə olan qumbarını evə tulladım. Partlayış olandan sonra ov tüfəngi ilə Namiqi vurdum. Cinayəti törədəndən sonra Goranboy rayon Polis Şöbəsinə gələrək təslim oldum”.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

Rafiq Hüseynov könüllü olaraq Goranboy rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər