Zaqatala rayonunda yaşayış evindən oğurluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayon sakini Zahid Süleymanovun evindən 52 manat, 1 ədəd noutbuk və qızıl əşyalar oğurlanıb. Zahid Süleymanov evindən oğurluq edilməsi ilə bağlı rayon Polis Şöbəsinə şikayət edib. Onun şikayəti əsasında əməliyyat qrupu yaradılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəfərsadiq Əliyev və Ağdaş şəhər sakini Elçin Səfərov tutulublar. Onlar istintaqa verdikləri ilkin ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Araşdırmalar zamanı saxlanılan şəxslərin dost olduğu məlum olub. Bakı şəhərində tanış olan dostlar gəzmək məqsədilə Zaqatala rayonuna gediblər. Orada olduqları vaxt təsadüfən yolları Zahid Süleymanovun evinə düşüb. Evdə heç kimin olmamasından istifadə edən dostlar oğurluq cinayətini törədiblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov