Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin cinayət işi baxılması üçün hakim icraatına verilib.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev baxacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Orxan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə vətəndaş Vüqar Məmmədov zərəçəkmiş şəxs qismində tanınıb.