Mingəçevir şəhərində dələduzluq etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Məhəmməd İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Məhəmməd İsayev 2016-cı il oktyabr ayında Günel Abışova ilə Mingəçevir şəhərində təhsil aldıqları Tibb Kollecində tanış olduqdan bir müddət sonra ona qarşı sevgi hissi bəslədiyini və gələcəkdə onunla ailə həyatı qurmaq niyyətində olduğuna yalan vəd verib. Məhəmməd İsayev Günel Abışovanın etibarını qazanıb.
Dayısının pullarını, xalasının qızıllarını sevgilisinə verdi
Məhəmməd İsayevin sözlərinə inanan Günel Abışova ona ailələrinə məxsus bütün sirləri, o cümlədən dayısı Hacı Abışova məxsus Yevlax rayonu, Hürüuşağı kəndində yaşadığı evin sandığında sonuncuya və özünə məxsus ümumilikdə 16000 ABŞ dolları və 9300 manat məbləğdə pul olduğunu deyib.
Bir müddət sonra Məhəmməd İsayev Günel Abışovanın etibarından sui-istifadə edib, onu aldadaraq xeyli borclarının yarandığını, sevgi münasibətlərində olan şəxs kimi ona kömək etməli olduğunu, borclarını ödəyib qurtardıqdan sonra pulu qaytaracağını söyləyib.
Məhəmməd İsayev 2017-ci ilin iyul ayının əvvəlindən sonunadək hissə-hissə ümumilikdə 28 min 300 ABŞ dollarını ələ keçirib.
Bundan sonra o, həmin il dekabrın 24-də Günel Abışovaya zəng edib, ona eyni məzmunlu yalan vədlər verməklə xalası Tayira Abışovaya məxsus çantadan götürdüyü qızılları mənzilin eyvanından aşağı ona atmasına nail olub.
Günel Abışova “sevgilisi”nə verdiyi qızlların ümumi dəyəri 12 min manat olub.
“Aramızda sevgi münasibətləri olub”
İstintaq orqanı tərəfindən Məhəmməd İsayev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd İsayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, qeyd edib ki, Günel Abışovanı 2016-cı ilin noyabr ayında Mingəçevir şəhər Tibb Kollecində oxuyan zaman tanıyıb: “Aramızda sevgi münasibətləri olub. Günellə tanışlığımın ilk vaxtlarında 400 manat ailəmə məxsus pulu itirdiyimi ona dedim, mənə pul lazım oldğunu bildirdim. Günel 2016-cı ilin sonlarında 400 manat borc pul verdi. Lakin uzun müddət ərzində olan borcunu qaytara bilmədim. Həmişə mənə verdiyi puldan da artıq qaytaracağımı demişəm”.
“Qızılları satdım, pulları Günelə verdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir dəfə Günel 2016-cı ilin sonlarında ona 50 manat pul verib: “Təxminən 2017-ci ilin dekabr ayının əvvələrində Günellə telefonla danışan zaman pula ehtiyacım olduğunu və pul tapa bilmədiyimi demişəm. Günel də mənə lazım olan məbləğdə pul verə biləcəyini deyib”.
Məhəmməd İsayev qeyd edib ki, 2017-ci ilin dekabr ayının əvvələrində Günel Abışova ona yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki evinin eyvanından aşağı atmaqla 270 manat verib: “Pulu verərkən özünə məxsus olduğunu dedi, əvəzsiz verdiyini bildirdi. Ancaq bir neçə gündən sonra Günel mənə zəng etdi, verdiyi 270 manat pulun dayısının olduğunu söylədi.
Mənə bir boyunbağı, bir cüt sırğa və bir ədəd qızıl üzük verdi, onları sataraq pulunu ona verməyimi xahiş etdi. Özüm də həmin qızılları 269 manata Mingəçevir şəhərinin H.Əliyev prospektindəki qızıl-zinət əşyaları mağazasına satdım və pulları Günelə verdim”.
“Özünü öldürəcəyini dedi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra yenə özünə pul lazım olub: “2017-ci ilin dekabr ayının 24-də Günel kömək üçün 300 ABŞ dolları və 200 manat pulu evin eyvanından aşağı atmaqla borc verdi. Dekabrın 25-də isə mənə zəng etdi, evin eyvanından atmaqla mənə bir ədəd qızıl boyunbağı, bir ədəd də qızıl qolbağ verdi.
Həmin qızılları təmir etdirib, satmağımı və borclarımı qaytarmağımı istədi. Mən ona həmin qızılları satmayacağımı bildirdim. Bu zaman Günel özünü öldürəcəyini dedi”.
Məhəmməd İsayev qeyd edib ki, bundan sonra Günel ona zəng edərək hədələyib: “Bu zaman ona olan borcumu düzəldərək verəcəyimi və ondan ayrılacağımı bildirdim. Günel ondan ayrılacağım təqdirdə özünü ödürəcəyini və ya başına başqa bir oyun açacağını dedi”.
“Pulu qaytaracağıma söz verdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 26-da saat 11 radələrində Günel Abışovanın dayısı Abışov Hacı Mirzə oğlu kimi özünü təqdim edən şəxs ona zəng edib:
“O, Güneldən aldığım pul və qızıl-zinət əyşalarını geri qaytarmağımı tələb etdi. Ona qızıl-zinət əşyaları, Güneldən aldığım 300 dollar və 100 manatın üzərimdə olduğunu və qaytara biləcəyimi, lakin 100 manatı xərclədiyimi, axşama kimi həmin pulu da qaytaracağımı dedim.
Bundan sonra dostum Mövluda zəng etdim, mənimlə birlikdə Hacı adlı şəxsin görüşünə getməyini xahiş etdim. Dostum Mövludla 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ” adlanan dairədə Hacı adlı şəxslə görüşərkən polis əməkdaşları gəldi, onlar məni polis şöbəsinə dəvət etdilər. Güneldən aldığım bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı, 300 dollar və 100 manat pulu orada polis əməkdaşlarına təqdim etdim. Lakin 100 manat pulu xərclədiyimi bildirdim. Həmin pulu da qaytaracağıma söz verdim”.
“Mənə çılpaq şəkillərini göndərməyib”
Məhəmməd İsayev qeyd edib ki, 2017-ci ilin dekabr ayında “KTV” kabel televiziyasının geyim formasında Yevlax rayonu, Hürüuşağı kəndinə getməyib, Günel Abışovanın hər hansı bir formada hədələməyib:
“Günel mənə hər hansı çılpaq fotoşəkil göndərməyib. 2017-ci ilin dekabr ayında, o cümlədən 24 dekabr 2017-ci il tarixdə Günelə ümumiyyətlə zəng etməmişəm. Əksinə Günel həmişə, o cümlədən də 2017-ci ilin dekabr ayında özü dayanmadan mənə zənglər edib, mənim harada olduğumu soruşub.
Eyni zamanda özüm heç bir bankdan kredit götürməmişəm, anam Leyla “Azərbaycan Beynəlxalq Bank”ın Mingəçevir filialından, atam İlham isə “Kapital Bank”ın Mingəçevir filialından kredit götürüblər. Kredit götürmələrinə səbəb isə atamın böyrək xəstəliyindən əziyyət çəkməsi olub.
Lakin atam və anam qeyd kredit götürərkən nə 20 CR 893 dövlət qeydiyyat nişanlı avtomobili, nə də yaşadığımız evi girov qoymayıblar. Həmçinin başqa bankdan da kredit götürüblər. 20 CR 893 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil xalam oğlunun adınadır. Günel Abışovanın verdiyi 400 manat məbləğdə pulu qaytarmaqdan ötrü nə evimizi, nə də ki, avtomobilimizin sənədlərini girov qoymamışıq”.
“Hədələyərək pul almamışam”
Məhəmməd İsayev qeyd edib ki, heç bir vaxt Günel Abışovadan 40000 manata yaxın pul alması barədə etiraf mesajı yazmayıb: “Günel Abışovanın mobil telefonunda qeyd olunan məzmunda yazışma ola bilsin ki, saxta “whatsapp” proqramı vasitəsi ilə yazılıb. Həmçinin Günel Abışovanı hədələyərək hər hansı məbləğdə pul almamışam”.
Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Məhəmməd İsayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib. Məhəmməd İsayevin cəzasının əvvəli 12 iyul 2019-cu ildən hesablanıb.
Hökmdən narazı qalan Məhəmməd İsayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hökmdən zərərçəkmişlər Hacı Abışov, Tayirə Abışova və Günel Abışova da apelyasiya şikayəti verib. Onlar təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını, dəymiş maddi ziyanın ödənilməsini istəyiblər.
Tərəflərin şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, yekunda qərar elan edilib.
Şikayətlər təmin olunmayıb.