Daxili İşlər Nazirliyi Binəqədi rayonunda yerləşən “Army” mağazasında baş verən partlayışla bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib.
Orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölmüş, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.
Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılmış, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəyib, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.
Hacı Zeynalov