Sumqayıt şəhərində böyük ticarət mərkəzlərindən birində güclü yanğın başlayıb. Teleqraf.com xəbər verir ki, yanğın “Karvan” Ticarət Mərkəzində baş verib.
Məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər bölməsinin yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Ticarət mərkəzindəki "Ustop" mağazasının tamamilə yanaraq külə döndüyü bildirilir.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlama verib.
APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, nazir müavini bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.
Hacı Zeynalov