Daşkəsən rayonunda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Firdovsi Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Firdovsi Bağırov 13 sentyabr 2018-ci il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə Daşkəsən rayonu Tapan kəndində ata-anası ilə birgə yaşadıqları evin həyətində olarkən ora gəlmiş qardaşı oğlu Səbuhi Bağırovdan ona bulaqdan su gətirməyi tapşırıb.
Sərxoş olması səbəbilə ona yaxınlaşmaqdan qorxan Səbuhi Bağırov su gətirməkdən imtina edib. Bundan əsəbiləşən Firdovsi Bağırov əlindəki stəkanı qardaşı oğluna tərəf atıb. Stəkan həyətdə yerə düşərək sındığından atası İlyas Bağırov ona irad tutaraq spirtli içki aludəçisi olduğunu bildirib, onu danlayıb.
Bu səbəbdən onların arasında mübahisə yaranıb, Firdovsi atasını taxta parçası ilə döyməyə başlayıb.
Bu zaman İlyas Bağırov qaçaraq evə girib. Firdovsi atasının arxasınca evə daxil olaraq həmin taxta parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmaqda davam edib.
İlyas Bağırovun arvadı Tamara Bağırova ata ilə oğlu ayırmağa cəhd edib. Tamara Bağırova oğlunun onu vurmayacağını düşünüb və qorumaq məqsədilə yerə yıxılmış ərinin üzərinə uzanıb.
Lakin oğlun anasına da rəhmi gəlməyib. O, taxta parçası ilə atasının və anasının bədənlərinin müxtəlif nahiyələrinə vurmaqda davam edib. Zərbələrdən taxta parçası sınaraq hissələrə bölünüb.
Bununla kifayətlənməyən Firdovsi Bağırov otaqda olan çayniklə onları vurub. Çaynikin qulpu sındıqdan sonra isə həmin otaqda stolun üzərində olan bıçaqla ata və anasının baş və təpə nahiyələrindən, bədənlərinin müxtəlif yerlərindən dəfələrlə çoxsaylı zərbələr endirib.
Hər iki yaralıya xəstəxanada gösərilən ixtisaslı tibbi yardım nəticəsində onların həyatlarını xilas etmək mümkün olub. Hadisəni törədən Firdovsi Bağırov həbs edilib.
İstintaq orqanı Firdovsi Bağırovun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham elan edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firdovsi Bağırov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Firdovsi Bağırov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın sərt və ağır olduğunu qeyd edib.
Bildirib ki, ata-anası ilə barışıb. Himayəsində iki azyaşlı uşağın olduğunu göstərən Firdovsi Bağırov cəzasının yüngülləşdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Firdovsi Bağırovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Firdovsi Bağırovun şikayəti təmin olunmayıb.