Ağdaşda qız qaçırmaqda ittiham olunan Rizvan Səmədov, Elçin Əliyev və Ruslan Səmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin edilib.
İttihama görə, dəstə üzvləri Rizvan Səmədov üçün evlənmək məqsədi ilə zorla A. Tağıyeva ( ad şərtidir) adlı qızı qaçırıblar.
Ancaq qızın valideyinləri bundan xəbər tutanda dərhal Ağdaş rayon polis şöbəsinə şikayət ərizəsi yazıblar.
Bundan sonra keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaq orqanına təhvil verilib.
İstintaq orqanı tərəfindən Rizvan Səmədov, Elçin Əliyev və Ruslan Səmədzadənin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.