Bakının Xəzər rayonunda qadına xəsarət yetirməkdə ittiham olunan 1981-ci il təvəllüdlü Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Samir Quliyev Zirə qəsəbəsində tanışı Şəfiqəxanım Əliyeva ilə mübahisə zamanı əlində olan dırnaqtutanla və təpiklə vuraraq ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Samir Quliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir Quliyev bildirib ki, hadisə baş verən günü təxminən saat 00.30-da Türkan qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən Şəfiqəxanım Əliyevanı görüb: “Ona yaxınlaşdım, artıq gec olduğundan istəyirsə onu yaşadığı evə apara biləcəyimi dedim. Şəfiqəxanım etiraz etmədi, avtomobilə əyləşdi və biz yola düşdük.
Söhbət zamanı ondan mənə zəhmət haqqı kimi nə qədər pul verəcəyini soruşdum. Şəfiqəxanım mənə kobud şəkildə pul verməyəcəyini dedi. Bundan sonra əsəbiləşdim, Şəfiqəxanımı nalayiq ifadələrlə təhqir etdim və kobud danışmamasını tələb etdim. Bu zaman o, avtomobili saxlamağımı istədi, piyada gedəcəyini bildirdi.
Lakin artıq gecə radələri olduğundan ona avtomobildən düşməməsini, yol haqqını səhər verməsini dedim. Heç bir söz demədiyindən mənimlə razılaşdığını düşündüm, yoluma davam etdim. O, Zirə qəsəbəsində yaşayan Malikə adlı rəfiqəsinin evinə aparmağı məndən xahiş etdi. Mən də onun dediyi kimi etdim”.
Samir Quliyevin ifadəsinə görə, həmin gün saat 01.00-da Şəfiqəni avtomobillə Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivində yerləşən fərdi yaşayış evinin qarşısına gətirib: “Biz avtomobildən düşdük, Şəfiqəxanımdan pulumu nə vaxt verəcəyini soruşdum. O, cavab vermədi, evə daxil oldu. Malikəni çoxdan tanıdığımdan onun ardınca evə girdim, qonaq otağında olarkən Şəfiqəxanımdan yenidən pul barədə soruşdum. Şəfiqəxanım kobud şəkildə pul verməyəcəyini bildirdi.
Əsəbiləşərək onu nalayiq ifadələrlə təhqir etdim, əlimdə olan dırnaqtutanla onun sol qolundan və bir dəfə də təpiklə sol diz nahiyəsindən vurdum. Sonra evi tərk edərək getdim”.
Samir Quliyev qeyd edib ki, ertəsi gün isə ona Şəfiqəxanım hadisə barədə ərizə ilə polisə müraciət etməsini bilib. O, törətdiyi bu əməldən peşman olduğunu, Şəfiqəxanım Əliyeva ilə barışdığını qeyd edib.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Samir Quliyevin barəsində olan cinayət işinin icraatına xitam verilib.
Samir Quliyevin zərərçəkmiş şəxslə barışmasını nəzərə alan məhkəmə onu cinayət məsuliyyətindən azad edib.