Bakının Suraxanı rayonunda bıçaqlama hadisəsi törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Ceyhun Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, bu il avqustun 1-də, saat 23 radələrində Ramana qəsəbəsində yerləşən “Nərmin” marketin qarşısında Ceyhun Pənahov tanışı Vüsal Səfərovla mübahisə edib.
Mbahisə Ceyhun Pənahovun Vüsal Səfərovdan siqaret istəməsi və sonuncunun ona qarşı kobud hərəkətindən yaranıb. Bu zaman Ceyhun Pənahov özündə olan bıçaqla Vüsal Səfərovu döş qəfəsindən vurub.
Ceyhun Pənahov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Pənahov bildirib ki, Vüsal, Murad, Cəfər, Kamran və Elvin onun dostlarıdır: “Demək olar ki, hər gün birlikdə vaxt keçirirdik. Aramızda əvvəllər heç vaxt hansısa problem olmayıb. Avqustun 1-də, təxminən axşam saat 19 radələrində yaşadığım məhəllədə yerləşən “Bizim Məkan” adlı kafeyə getdim. Dostlarım Vüsal, Murad, Elvin və Cəfər birlikdə idi. Salamlaşdım, onların stolunda deyil, ona yaxın olan başqa stolda əyləşdim. Bir az sonra dostum Kamran da həmin kafeyə gəldi. Birlikdə oturub yemək yedik.
2 saat sonra Vüsal qalxıb tualetə getmək istədi. Vüsaldan bir siqaret verməsini xahiş etdim. O isə siqaret yerinə 2 manat pul uzadaraq oturduğum stolun üstünə qoydu və gedib özümə siqaret almağımı bildirdi. Pulu Vüsalın özünə qaytardım, ondan pul istəmədiyimi, siqaret istədiyimi bildirdim. O məndən pulu aldı, çölə çıxaraq bir neçə dəqiqə sonra kafeyə qayıtdı. O, üzünü mənə tərəf tutaraq bir də ondan siqaret istəyənin ünvanına nalayiq ifadə işlətdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüsalın sərxoş olduğunu, danışığını bilmədiyini görüb: “Buna görə də əlavə problem yaranmasın deyə heç nə demədim, Kamran və Cəfərlə birlikdə kafedən çıxdım. Ramana qəsəbəsində dik deyilən yerə gəldik. Orada Kamranın yaşadığı evin qarşısında dayandıq, bir az söhbət etdik.
Yarım saat sonra Vüsal yanında olan Elvin və Muradla birlikdə Elvinə məxsus “Opel Astra” markalı avtomobillə yanımıza gəldi. Elvin avtomobildən düşdü, orada olan ərzaq mağazasına girdi. Vüsal isə bizə yaxınlaşdı və məni söyüb təhqir etdi. Ona sərxoş olduğunu, evə getməsini, səhər ayıq başla danışmağı məsləhət verdim. Lakin qulaq asmadı, ünvanıma nalayiq sözlər işlətdi. Vüsaldanbir də sakit olmasını, söyüş söyməməsini xahiş etdim. O isə söyüş söyməyə davam etdi və gözləmədiyim anda qəflətən sifətimin sağ tərəfinə şillə ilə vurdu.
Həmin vaxt əsəbiləşdiyim üçün üzərimdə olan bıçağı çıxartdım. Vüsal əlimdəki bıçağı gördü və onu bıçaqla vurmayanın ünvanına çox pis söyüşlər söydü. Vüsala "uşaqlarına qurban" ol dedim və bıçağı cibimə qoydum, özüm oradan uzaqlaşdım ki, söhbət böyüməsin, Vüsal söyüş söyməsin. Vüsal arxadan yüksək səslə qışqıraraq, onunla söhbət etməyənin ailəsinin ünvanına nalayiq ifadə işlətdi”.
Ceyhun Pənahov bildirib ki, həmin söyüşü özünə sığışdırmadığına görə geriyə qayıdıb: “Vüsalla üzbəüz dayandım, ona nə lazım olduğunu soruşdum. Vüsal təkrar sifətimə soldan şillə ilə vurdu və yenə ünvanıma nalayiq ifadələr işlətdi. Cibimdən bıçağı çıxardım, Vüsal bıçağı görüb yenə də onu vurmayanın ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Mən də bıçaqla onun sol qoluna bir dəfə zərbə vurmaq istədim. Vüsal qolunu kənara çəkdi, geriyə getdiyi üçün bıçaq onun sol yan tərəfinə keçdi.
Qorxduğum üçün nə edəcəyimi bilmədim. Bıçağı hadisə yerində yolun kənarına qoyulmuş dəmir su balonunun içinə qoydum.
Vüsal aldığı zərbədən qışqırmağa başladı, Elvin mağazadan çıxdı. Murad da Elvinin avtomobilindən düşdü, bizə yaxınlaşdılar. Vüsalı götürərək Elvinin avtomobili ilə xəstəxanaya apardılar. Mən də bir azdan Cəfərlə əlaqə saxladım, Vüsalı hansı xəstəxanaya apardıqlarını soruşdum. Cəfər Sabunçu rayonunda yerləşən 3 saylı Kliniki Xəstaxanaya apardıqlarını bildirdi. Özüm tək oradan birbaşa Sabunçu rayonunda olan 3 saylı Klinik Xəstaxanasına getdim. Xəstəxanada bir az gözlədikdən sonra Vüsalın əməliyyat olunmasını və əməliyyatdan çıxdığını, vəziyyətinin yaxşı olduğunu bildim”.
Təqsirləndirilən şəxs əlavə edib ki, Vüsalın vəziyyətinin yaxşı olduğuna əmin olub və yaşadığı evə gedib: “Evdə heç kimə bu barədə məlumat vermədim. Sonra özüm könüllü şəkildə Suraxanı rayon Polis İdarəsinə getdim. Etdiyim əməli səmimi olaraq etiraf etdim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Pənahovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza təyin olunub.