28 Yanvar 2021 14:58
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda həmkəndlisinə xəsarət yetirməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Anar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Anar Cəfərov Gədəbəy şəhərinin mərkəzində “kruq” adlanan ərazidə rayonun İnəkboğan kənd sakini Leyla Cəfərova ilə söhbət etdiyi vaxt həmkəndlisi Babək Həsənov onlara yaxınlaşıb.

Babək Həsənov Anar Cəfərovdan arvadı Leyla Cəfərovanı narahat etməməyi tələb edib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Babək Həsənov onu yumruqla vurmaq istəyib. Onların dalaşmamaları üçün Leyla Cəfərova Anar Cəfrovun əynindəki gödəkcəsindən tutaraq onu arxaya doğru çəkib.

Babək Həsənovun vurmaq istədiyini görən Anar Cəfrov yumruqla onun üzünə zərbələr endirib.

Daha sonra Babək Həsənovun baş nahiyəsindən vurub, onu arxada dayanmış avtomobilin üzərinə yıxmaqla xəsarət yetirib.

Anar Cəfərov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Cəfərov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Cəfərov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın dəyişdirilməsini istəyib. Qeyd edib ki, iş materialları müstəntiq tərəfindən qərəzli şəkildə şişirdilməklə məhkəməyə təqdim edilib. Zərərçəkmişlə əl davası zamanı heç bir alətdən istifadə edilməyib. O, barəsində həbs olmayan ən yüngül cəza növünün təyin olunmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Anar Cəfərovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Anar Cəfərov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda araşdırma aparılan zaman məhkum Anar Cəfərov tərəfindən məhkəməyə ərizə təqdim olunub.

Məhkum ərizəsində kasasiya şikayətini geri götürdüyünü qeyd edib, bununla bağlı ərizəsinin məhkəmə tərəfindən təmin olunmasını istəyib.

Hakim heyəti məhkumun ərizəsini təmin edib və kasasiya şikayətinin araşdırılması dayandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər