Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Vəfadar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Vəfadar Rəsulov 3 iyul 2020-ci il tarixdə, gecə saat 2 radələrində Zabrat-2 qəsəbəsi, “Poladxanlı” marketin sağ yan hissəsində kriminal aləmdə lotu Rövşən Lənkəranski kimi tanınan şəxsin cəmiyyətin ən hörmətli insanlardan biri olduğunu bildirib. Onunla həmsöhbət olan Nurlan Ağayev isə bu fikirlə razılaşmayıb.
Mübahisə zamanı Vəfadar Rəsulov Nurlan Ağayevin Rövşən Lənkəranskinin ünvanına kobud şəkildə nalayiq ifadələr işlətdiyini iddia edib və bıçaqla onu vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Vəfadar Rəsulovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifad verən Vəfadar Rəsulov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, məlum aprel döyüşlərindən sonra xüsusi təyinatlı kimi hərbi qulluğa yazılaraq kurs keçib, 2016-2018-ci illərdə hərbi xidmətdə olub: “2018-ci ildə səhhətimlə bağlı tərxis olundum. Əvvəl işlədiyim lavaş bişirmə sexində işimi davam etdirdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, iyulun 3-də saat təxminən 2 radələrində Zabrat-2 qəsəbəsində işlədiyi lavaş sexinin yanında yerləşən “Poladxanlı” marketə pivə içmək üçün gedib: “Təxminən bir litr pivə içdim. Bu zaman əvvəllər tanımadığım, sonradan adını Nurlan kimi bildiyim şəxslə mağazada öncə hərbdən söhbət etdik. Söhbət “oğrular aləmi”nə gedib çıxdı. Nurlan oğrulardan söz saldı, lotu Bəxtiyara və lotu Mamedə tərif yağdırdı.
Mən də bu oğruların arasında ən çox yaxşılıq edən insanın Rövşən Lənkəranski olduğunu dedim. Nurlan bunu qəbul etmədi. Lənkəranskinin oğru yox, hansısa iş adamının killeri olduğunu bildirdi, Lənkəranskininin ünvanına nalayiq ifadələr işlətdi. Bununla aramızda mübahisə düşdü.
Mübahisənin gedişində Nurlan mənə “bu məhlə bizimdir, bundan sonra buradan keçənə "zapret" qoyuram” dedi. O, içkili olduğundan bu kimi söhbətlərə davam etdi, mən mağazadan çölə çıxdım. Sonra Nurlanı çölə çağırdım. Çöldə də eyni söhbətə davam etdik”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nurlanı mağazadan kənarlaşdırıb: “Kənarda yenə başa salmaq istədim ki, söyüş söyməsin, amma o, söyüşlərə davam etdi. Əsəbiləşərək üstümdə olan bıçaqla ona bir neçə zərbə endirdim. Bıçaq zərbələrinin sayını xatırlamıram. Nurlandan aralandım və oradan yaşadığın ünvana getdim”.
Vəfadar Rəsulov qeyd edib ki, sonra hadisəni törətməsi barədə özü Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib: “Könüllü olaraq 15-ci polis bölməsinə təslim oldum. Hadisəni törətdiyim bıçağı təhvil verdim, cinayət əməlini səmimi etiraf etdim. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nurlan Ağayev bildirib ki, Zabrat-2 qəsəbəsində qonşuluqda yerləşən “Poladxanlı” marketdə pivə içib: “Marketin satıcısı Abbas, qonşularımız Famil və Orxan da marketdə idi. Bir qədər keçmiş lavaş sexində işləyən Vəfadar marketə daxil olaraq pivə alıb içməyə başladı. Biz tarixdən, ədəbiyyatdan, repressiya dövrlərindən, Azərbaycanın qəhrəmanlarından, Mübariz İbrahimovdan, Ramil Səfərovdan bəhs etməkdə davam etdik. Vəfadar da yavaş-yavaş söhbətə müdaxilə elədi”.
Zərərçəkmişin sözlərinə görə, xatırlamadığı şəkildə söhbət lotulara keçib: “Vəfadar lotu Bəxtiyardan danışaraq onun Azərbaycanda aclıq, qıtlıq olan zaman sərhəddən taxıl keçirtdiyini bildirdi. Vəfadar Azərbaycanda bir böyük qardaş varsa, onun da lotu Rövşən Lənkəranski olduğunu söylədi.
Vəfadarın o qədər qəhrəman oğlları lotu Rövşən Lənkəranski ilə bir səviyyəyə qoyması məni bərk əsəbləşdirdi”.
Nurlan Ağayev qeyd edib ki, söhbətin davamında Vəfadara başqa yerdə bu cür söhbət etməsinin ona hörmət qazandırmayacağını bildirib və mağazadan çıxıb: “O biri şəxslər də mağazadan çıxdılar. Həmin vaxt Vəfadarın ağaclıqda dayanıb məni gözlədiyini gördüm. Oradan keçib evə gedəndə Vəfadar məni yanına çağırdı.
Vəfadarın məni bıçaqla vuracağı heç ağlıma belə gəlməmişdi. Hətta mağazaya qayıdıb öz puluma su da aldım ki, Vəfadara verim. Məni qaranlığa çəkən Vəfadardan dəfələrlə sağollaşaraq çıxıb getməyimizi, ayrılmağımızı xahiş etdim. Vəfadara gecənin xeyrindənsə gündüzün şərinin yaxşı olduğunu dedim, aralanmaq istədim. Həmin vaxt ətrafda heç kim yox idi.
Vəfadardan yenə çıxıb getməyi, sabah görüşərək danışmağı məsləhət gördüm. Artıq sakitləşmiş görünən Vəfadar bu təkliflə razılaşdı”.
Nurlan Ağayev bildirib ki, Vəfadar Rövşən Lənkəranskinin lotu olduğunu təkidlə deyib: “Sonra əllə görüşərək ayrıldıq. Arxamı çevirərək getmək istəyəndə Vəfadar əli ilə çiynimdən tutdu və əlində olan bıçaqla ilə sol tərəfimdən ardıcıl bir neçə zərbə vurdu. Vəfadarın əlindən çıxaraq “Poladxanlı” marketinə qaçdım. O, arxamca bir neçə addım atdı, sonra fikrini dəyişərək getdi.
“Poladxanlı” marketə çatdıqda Abbas orada idi. O, qardaşım Arizə zəng etdi. Bir neçə dəqiqədən sonra qardaşım gələrək avtomobili ilə məni Sabunçu xəstəxanasına apardı. Hazırda səhhəti tam düzəlməyib, bu səbəbdən heç yerdə işləyə bilmirəm. Hər şeyə rəğmən anasına, ailəsinə görə təqsirləndirilən şəxsi bağışlamışam, onunla barışmışam. Vəfadara qarşı şikayətim yoxdur”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Vəfadar Rəsulov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.