Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda cinayət işində olan sənədlər tədqiq edilib.
Daha sonra zərərçəkmiş Kamil Babayev bildirib ki, təqsirləndirilən şəxslərin fotoları təqdim olunub: "Bir qədər fikirləşəndən sonra onları tanıdım. Onların Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç olduğunu bildirdim".
Xosrovyan Alyoşa Aramaisoviç iddia edib ki, zərərçəkmiş Kamil Babayevi tanımır. Zərərçəkmiş Şuşa həbsxanasında onu döydüyünü bildirib. Xosrovyan isə türmədə olmadığını deyib.
Kamil Babayev bildirib ki, türmədə 1994-cü ildə olub: "Tanınmaya 5-6 şəkil təqdim olundu. Xosrovyanı əlamətlərindən tanıdım. Xosrovyan bizimlə Azərbaycan dilində danışırdı".
Mkrtiçyan Lüdvik qeyd edib ki, 1993-cü ilin aprelində Suqovşanda olub. Onun sözlərinə görə, iyul-avqust aylarında isə Hadrutda döyüşlərdə iştirak edib.
Zərərçəkmiş Famil Əliyev deyib ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin tanınması ilə bağlı yönləndirici hərəkət olmayıb: "Təqsirləndirilən şəxsləri cavanlıq fotolarından tanıdım. Yaşlı vaxtlarında çəkilmiş fotolarından isə gözlərindən tanıdım. Təqsirləndirilən şəxsləri biz Yoxa və Alyoşa kimi tanımışıq. Biz orada olanda bu şəxsləri öz adları ilə yox, Yoxa və Alyoşa kimi çağırırdılar".
Zərərçəkmiş Zahid Həsənov deyib ki, 1994-cü ilin aprel ayında Alyoşa Xosrovyan onu Xankəndi xəstəxanasından Şuşa türməsinə aparıb: "Xankəndindən bizi götürəndə işgəncələr verməyə başladı. Daha sonra Şuşa türməsində siqaret çəkmək üçün ayrılmış yerdə məni görüb tanıdı və yenidən işgəncə verdi.
Alyoşa Xosrovyanı şəkildə görən kimi tanıdım, amma Mkrtçyanı əvvəlcə tanımadım, sonra əlindəki yazıdan və sifət cizgilərinə əsasən tanıdım".
Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ermənilər türklərə daim nifrət edib: "Bizə deyirdilər niyə döyüşürdünüz?"
Digər zərərçəkmiş Həbib Kazımov deyib ki, təqsirləndirilən şəxslər ona əsirlikdə işgəncə veriblər: "İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam".
Zərərçəkmiş Hüseyn Cavid qeyd edib ki, istintaq dövründə təqsirləndirilən şəxsləri tanımaqla bağlı təsir olmayıb: "Biz əsir düşmüşdük. 28 il keçsə də, həmin işgəncələri unutmamışam. Hər gün gözümün qabağında canlanır. Bizə fotosunu göstərəndə Mkrtiçyan Lüdvik olduğunu dedilər. Mən onun Yoxa olduğunu söylədim. Gözünün altında olan qara ləkədən tanıdım. Orada hərdən bunu "Lüdvik" deyə çağırırdılar. Biz istintaqa illər əvvəl haqlarında məlumatı vermişdik. Otağa gətirəndə Xosrovyandan soruşdum ki, məni tanıdın, başını aşağı salaraq tanıdığını etiraf etdilər. Mən o vaxt bu şəxslərə demişdim ki, vaxt gələcək siz bizim qarşımızda cavab verəcəksiz".
Cavid Hüseyn bildirib ki, Şuşa türməsində Lüdvik Mktrçyanla Alyoşa Xosrovyanın iştirakı ilə gözünü çıxarıblar: "1995-ci ildə Yohan adlı ermənilərin "milli qəhrəman"ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı ki, mən müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözünü çıxardılar. Dedilər ki nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib".
Mkrtiçyan Lüdvik bildirib ki, 4 dəfə Azərbaycan dövlət sərhədini pozub. Onun sözlərinə görə, 1993-cü ildə Xankəndinə gəlib: "O vaxt Xankəndinin Azərbaycanın şəhəri olduğunu bilməmişəm. Həmin dövrdə Şuşanın yanından keçsək də, Şuşa şəhərində olmamışam".
Xosrovyan Alyoşa Aramaisoviç deyib ki, 1994-cü ildə Şuşa şəhərində olub.
Hakim məhkəmə istintaqının tamamlanması təklif edib. Prokuror növbəti iclasda məhkəmə istintaqının tamamlanması istəyib. Hakim də məhkəmə istintaqının tamamlanması məsələsini növbəti iclasa saxlanıldığını elan edib.
Növbəti proses iyulun 28-də davam edəcək.