25 Sentyabr 2021 10:14
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Faliq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Faliq Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faliq Vəliyev Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilib və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər