Bakıda azyaşlı oğlunu boğaraq öldürməkdə təqsirli bilinən Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndrilən şəxsə hökm oxunub.
Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham görə, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
İstintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Məlum olub ki, Vüsal Əliyev daha əvvəl məhkumluq həyatı yaşamayıb. O, hadisə zamanı içkili olub.
İstintaq orqanı tərəfindən Vüsal Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.