6 Noyabr 2021 12:07
4 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1992-ci il təvəllüdlü Vüsal Əliyev 6 aylıq övladı Ruzi Əliyevi ötən ilin mayın 30-da boğaraq öldürüb.

Teleqraf.com-un əldə etdiyi istintaq sənədlərinə görə, Vüsal 6 aylıq oğlunu qısqanclıq zəminində qətlə yetirib.

Vüsal 7 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Şəfiqənin dünyaya gətirdiyi övladının başqa şəxsdən olduğu qənaətinə gəlib.

Bu səbəbdən o, Ruziyə qarşı soyuq münasibət göstərib. Ruzinin öz övladının olmamasını Şəfiqəyə bildirib, bununla bağlı aralarında dəfələrlə müxtəlif vaxtlarda, sonuncu dəfə isə 29 may 2021-ci ildə, axşam saatlarında kirayə yaşadıqları Motodrom yaşayış massivində yerləşən evdə mübahisələri olub.

Spirtli içkinin təsiri altında olan Vüsal mayın 30-da gecə saat 00.50-də uşaq arabasında Ruzini boğazından sıxaraq öldürüb.

“Tanışlığınız yaxın münasibətə çevrildi”

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü günahkar bilib. O qeyd edib ki, əslən Xanlar rayonu sakinidir, hərbi xidmətdən sonra Bakı şəhərinə köçərək avtovağzalda xaçapuri satışı ilə məşğul olub: “Elə həmin yerdə 2014-cü ildə Şəfiqə ilə tanış oldum. Tanışlığınız yaxın münasibətə çevrildi. Motodrom yaşayış massivində ayrı-ayrı ünvanlarda yaşadıq. Sonuncu yaşayış yeri isə Təvəkkül adlı şəxsə məxsus ev оlub. Hadisə həmin evdə baş verdi”.

“Düşündüm ki, başq şəxsdən hamilə olub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 7 ilə yaxın müddətdə Şəfiqə ilə qeyri-rəsmi ər-arvad kimi yaşasa da, qadın ona xəyanət edib, başqa kişilərlə görüşüb: “Bu səbəbdən aramızda tez-tez dava-dalaş olurdu. Ruzi anadan olmamışdan əvvəl övbəti dəfə Şəfəfiqə ilə savaşdığım üçün rayona xəstə anamın yanına getdim. Anamgildə 4 aya yaxın müddət qaldım. Orda qaldığı müddət Şəfiqə tez-tez zəng edərək barışmaq istədiyini bildirdiyinə görə onu bağışlayaraq Bakı şəhərinə qayıtdım.

Şəfiqə ilə görüşdükdə bildirdi ki, məndən hamilədir. Mən isə buna inanmadım. Çünki uzun müddət Şəfiqəni görməmişdim. Bu səbəbdən düşündüm ki, Şəfiqə məndən deyil, başq şəxsdən hamilə olub. Lakin münasibətlərimizi korlamamaq xətrinə Şəfiqəyə bir söz demədim”.

"Kliyent" yanına az getməsini tapşırdı

Vüsalın ifadəsinə görə, 2020-ci il tarixdə Şəfiqənin oğlu olub: “Adını Ruzi qoyduq. Uşaq xəstə olsa da, onun müalicəsinə imkanımız çatmadı. Gündəlik fəhləçiliklə məşğul olduğumdan uşağa anası baxırdı. Şəfiqə özü də vaxt olanda limon satmaqla məşğul olurdu, bəzən gecələr 20 Yanvar yolunda dayanaraq müştərilərə cinsi xidmət göstərir, pul qazanırdı.

Şəfiqə işlədiyi günlər evə 90 manat gətirib, həmin pulun 60 manatı evin kirayəsinə, kommunal xərclərə, qalan pullar isə ərzaqa, ailə, uşaq xərclərinə gedirdi. Şəfiqəyə “kliyent"ə az getməsini, mənə də diqqət göstərməsini, vaxtlı-vaxtında yeməyimi verməsini bildirsəm də, o, saymamazlıq edir, mənə qulluq göstərmirdi”.

“Müştəri yanına getməyə icazə verdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü də Şəfiqənin güzgünün qarşısında bəzəndiyini görüb: “Hara getməsi ilə maraqlandım, dayısıgilə gedəcəyini dedi. Ona inanmadım. Bu səbəbə görə aramızda mübahisə oldu. Şəfiqə etiraf etdi ki, müştəri yanına gedir, evin kirayə pulunun verilməsi vaxtı çatdığı üçün pul lazımdır. Şəfiqə ilə razılaşaraq ona müştəri yanına getməyə icazə verdim. Evdə uşaqla tək qaldım.

Evdə yemək olmadığı üçün mağazaya getdim. Özümə pivə və çipsi alaraq evə qayıtdımr. Oğlum Ruzi bu vaxt yatmışdı. Pivəni sərinləşməsi üçün soyuducuya qoydum, duş qəbul etdim, sonra bir qədər yatdım. Çarpayının yanında uşaq arabasında yatmış Ruzi qəfil ağlamağa başladı. Onun səsindən oyandım, kapron butulkada olan Şəfiqənin uşaq üçün hazırladığı düyü həlimini Ruziyə yedizdirdim.

Bir qədər sonra Ruzi qusmağa başladı. Onun ağzını uşaq papağı ilə sildim. Əyinində olan bulaşmış papağı və koftanı hamama atdım. Evdə olan başqa bir mavi papağı başına geyindirdim. Uşaq bir qədər sakitləşdikdən sonra Şəfiqənin gec gələcəyini düşündüm, tək başına pivələməyə başladım. Bir litr pivəni içdim. Ruzi yenidən ağlamağa başladı.

Artıq gecə saat 1 radələri olardı. Uşağı sakitləşdirmək məqsədilə onu qoluma götürdüm, qolumu bükərək Ruzini özümə sıxdım. Ruzi ilə bu şəkildə yatdım. Uşağın boynunu bilmədən qolumla sıxdım, nəfəs alması çətinləşdi”.

Vüsal bildirib ki, Şəfiqənin səhərə yaxın qapını döyməsi səsin oyanıb: “Qarpını açdım və Şəfiqə evə keçdi. Uşağı görəndə qışqırdı ki, ona neynəmisən? Mən də bildirdim ki, yatıb. Uşağın nəfəsi azacıq gəldiyindən Şəfiqə ona suni nəfəs verdi, mənə isə təcili tibbi yardım çağırmağı tapşırdı. Yola çıxıb təcili yardım çağırdım. Lakin təcili yardım gələndək uşaq keçindi.

Həkimlər Ruzinin öldüyünü təsdiq etdilər. Belə başa düşdüm ki, həkimlər hadisə barədə polisə məlumat veriblər. Çünki bir müddət sonra polis və prokurorluq əmkdaşları evə gələrək məni saxladılar”.

“Qatil deyə mənə qışqırmağa başladı”

Məhkəmə araşdırması zamanı Vüsalın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsində göstərib ki, spirtli içkinin təsiri altında sağ əli ilə təxminən 10 saniyə Ruzinin boğaz nahiyəsini sıxıb: “Bundan yarım saat sonra təkrarən eyni qaydada ağladığı üçün Ruzinin boğaz nahiyəsindən təxminən 5 saniyə sıxdım. Yenidən 10 dəqiqə fasilə verdim. Hər iki əlimlə sifət nahiyəsini sıxdım. Sonra nəfəs alıb-almamasını yoxlamaq üçün ağzına baxdım. Daha sonra siqaret çəkməyə başladım.

Ruzi ağlamağa yenə başladıqda sağ əlimin içərisi ilə ağız nahiyəsindən sıxdım. Bundan sonra əmin oldum ki, Ruzi ölüb. Təxminən saat 01.50-də Şəfiqə evin qapısını döydü. Yuxudan oyanaraq qapını açdım. Şəfiqə içəri daxil olanda gördü ki, papaqla Ruzinin sifət nahiyəsini örtmüşəm.

Şəfiqə uşağı öldürməyimi bildi. Qatil deyə mənə qışqırmağa başladı. Həmin vaxt Şəfiqəyə tez-tez uşağı öldürmədiyimi dedim”.

“Vüsala pul lazım olduqda məni müştərilərlə görüşməyə göndərirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan Şəfiqə bildirib ki, Vüsal onun qeyri-rəsmi əridir: “Bizim 2020-ci ildə oğlumuz oldu, adını Ruzi qoyduq. Vüsal mənə uşağın onun olmaması barədə bir söz demədi. Buna səbəb də olmayıb. Uşağın atası Vüsal özüdür. Hətta ibtdai istintaq zamanı genetik ekspertiza keçirməklə uşağın atasının məhz Vüsal olması təsdiqlənib.

Vüsal mənə pul qazanmaq xətrinə pis yola vadar edib. Pul lazım olduqda məni müştərilərlə görüşməyə göndərirdi. Hadisə günü də belə oldu. Evə səhərə yaxın qayıtdım, gördüm ki, oğlum Ruzi kolyaskada güclə nəfəs alır, ağız nahiyəsi ətrafında qançırlar olub. Halbuki uşağı həmin gün çimizdirmişdim. Başa düşdüm ki, Vüsal uşağı boğub. Vüsaldan nə baş verdiyini soruşdum. Dedi ki, uşaq yeməkdən boğulub”.

Şəfiqə ifadəsinin sonunda Vüsalı bağışladığını, ona qarşı heç bir tələbi olmadığını göstərib.

Vüsal 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər