Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digər vəzifəli şəxslərin Orxan Abdullayevdən hədə-qorxu yolu ilə pul tələb etmələri müəyyən edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Orxan Abdullayev istintaqa verdiyi ifadəsində göstərib ki, 2013-cü ilin martında şəriki Sərdar İsmayılovla Gürcüstandan satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş ediblər: “Sifariş edilən mallar 2013-cü ilin iyun-iyul aylarında Tibilisi şəhərindəki “Lilo” bazarının bazasına gəlsə də, sifarişi düzgün vermədiyimiz, yəni malların üzərindəki Gürcüstanın bayrağı həkk olunmadığı üçün orada sata bilmədik. Həmin malların satışına Azərbaycanda icazə olduğuna görə Bakı şəhərinə gətirib, burada satmağı fikirləşdik. Sərdar Elman Məsimov adlı tanışı vasitəsilə həmin malları Bakı şəhərinə gətirə biləcəyini dedi”.
Zərərçəkmişin ifadəsinə görə, 2013-cü il sentyabrın əvvəllərində Sərdarla birlikdə Balakən şəhərinə gediblər və orada Elmanla görüşüblər: “Elman bizi Əfsəl və Məcid adlı şəxslərin yanına apardı. Həmin adamlarla birlikdə Tibilisi şəhərinə getdik, malların yerini Əfsəl və Məcidə göstərdikdən sonra Balakənə geri qayıtdıq.
Sentyabrın 10-da Sərdarla birlikdə Bakı şəhərində “Eqzotika” çay evində olarkən MTN-in əməkdaşları kimi təqdim edən şəxslər bizi saxladı, nazirliyin binasına apardılar. Orada təxminən 30 saat saxlanıldıqdan sonra evə buraxıldıq”.
Orxan Abdullayevin ifadəsinə görə, növbəti gün MTN-ə dəvət edilib və şübhəli şəxs qismində tutulub: “Sentyabrın 13-də Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Tutulduğum gündən təxminən 17 gün sonra müstəntiq Fuad Alməmmədovun xidməti otağında ifadə verən zaman Yasin Məmmədov ora gəldi. Yasin Məmmədov mənə şəhadət barmağını göstərərək “ay naxçıvanlı, sənə yaraşmaz belə şeyə görə burada oturmaq, 100 min manat ver, sənin həbsini ev dustaqlığı ilə dəyişdirim” - deyə bildirdi. Mən isə Yasin Məmmədova həmin məbləğdə pulum olmadığını dedim”.
Orxan Abdullayev deyib ki, 2013-cü ilin noyabrında onu MTN-in istintaq təcridxanasından çıxarıblar və Yasin Məmmədovun otağına gətiriblər: “Həmin vaxt atam Elman da Yasin Məmmədovun otağında idi. Təxminən 5 dəqiqəlik görüş zamanı atama dedim ki, Yasin müəllim nə istəyir ver, məni buradan çıxar, qala bilmirəm. Daha sonra atam Yasin Məmmədovun otağında qaldı, məni isə istintaq təcridxanasına apardılar”.
Orxan Abdullayev bildirib ki, bundan bir müddət sonra Fuad Alməmmədovun otağında ifadə verən zaman öz istəyi ilə onu Yasin Məmmədovun otağına aparıblar: “Otaqda Yasin Məmmədovla təklikdə söhbət zamanı ona qəbz olduğuma görə əziyyət çəkdiyimi, Yasin Məmmədov isə mənə “Cahangir səndən çox pul verir” dedi. Bundan sonra Yasin Məmmədov vərəqə 100 min rəqəmini yazdı və sonra mənə göstərərək “bunu gətir, səni buraxaq” dedi”.
Zərərçəkmiş deyib ki, 4 ay 23 gün MTN-də həbsdə qalıb: “2014-cü ilin yanvarın sonlarında məni ekspertizaya apardılar, barəmdə ağır xəstəlikdən əziyyət çəkməyim barədə rəy verildi. Fevralın 6-da həbsdən azad edildim. Sərbəst buraxıldıqdan sonra atam məni həbsdən azad etdirmək üçün Nizami rayonu, Nəsimi küçəsindəki evi satıb, Yasin Məmmədova 50 min manat çatdırdığını, pulu Yasin Məmmədovun göndərdiyi iki nəfərə verdiyini dedi.
Həmin mənzil faktiki olaraq mənə məxsus olsa da, bacım Aytən Abdullayevanın adına rəsmiləşdirilmişdi. Cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl Yasin Məmmədov mənə dedi ki, burada nə demisiz, hamısını məhkəmədə təsdiq edərsiz, orada artıq-əskik danışmayın, demişəm, sizə şərti cəza verəcəklər. Sonda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həqiqətən də mənə şərti cəza verdilər”.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.