Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində keçmiş arvadı Səliməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 25-də baş verib. Aqil həmin gün saat 20.10-da keçmiş həyat yoldaşı Səlimə ilə mübahisə edib. O, mübahisə zamanı Səliməni döyərək, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səlimə ilə təxminən 10 il bundan əvvəl ailə həyatı qurub, onların birgə nikahlarından övladı olmayıb: “Son zamanlar tez-tez bizim aramızda ailə-məişət problemlərinə görə münaqişələr olub. Avqustun 25-də, saat 20.10-da yaşadığımız ünvanın yaxınlığında olan zaman Səlimə zəng etdi, məni evə çağırdı. Evə gəldikdən sonra Səlimə əsassız yerə məni nalayiq ifadələrlə söydü. Ona bu hərəkətinə görə öz etirazımı bildirdim. Həmin vaxt Səlimə üzərimə hücum çəkdi. Mən isə əlim ilə onun baş nayihəsindən vuraraq özümdən kənara itələdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra həmin ünvanı tərk edib: “Daha sonra məlumat aldım ki, Səlimə məndən polisə şikayət edib. Əməlimdən peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səlimənin sözlərinə görə, Aqil ilə münasibətləri normal olmadığı üçün onunla rəsmi qaydada boşanıb: “Biz ayrıldıqdan sonra Aqil məni rahat buraxmadı. Mənimlə birlikdə yaşamağa başladıq. Mən də onunla qalmağıma etiraz etmədim”.
Zərərçəkmişin sözlərinə görə, avqustun 25-də, saat 20.10-da evdə olan zaman Aqil onunla mübahisə edib, onu söyüb təhqir etməyə başlayıb: “Onun hərəkətlərinə öz etirazımı bildirdim, məni narahat etməməsini tələb etdimr. Həmin vaxt Aqil üzərimə hücum çəkdi, yumruq zərbəsi ilə baş nahiyyəmə vurdu. Bundan sonra evdən getdi”.
Səlimə bildirib ki, döyülərək xəsarət aldığı üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və keçmiş əri tərəfindən döyülməsi barədə məlumat verib.
Zərərçəkmiş ifadəsinin sonunda Aqil ilə barışdığını, ondan şikayəti olmadığını bildirib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Hakim Rövşən Xəlilov hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Aqilin barəsində olan cinayət təqibinə xitam verilib.