17 Noyabr 2014 15:15
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Ramin Məmmədova dostu Murad Nağıyevin gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı Murad Nağıyevin “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş iki ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ramin Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham edilib.

Xaçmaz şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Məmmədov 32 yaşlı həmyerlisi Samir İbrahimovu bıçaqlayaraq öldürüb. Hadisə ötən il aprelin 15-də baş verib. Sərxoş vəziyyətdə olan Ramin Məmmədov balıq satan Samir İbrahimovdan nisyə balıq istəyib. Samir nisyə alverdən imtina edib. Bundan xoşlanmayan Ramin Məmmədov nalayiq sözlər işlədərək onunla dalaşıb. Kəllə ilə Samir İbrahimovun sifətinə zərbə endirib.

Hadisədən 10-15 dəqiqə sonra aralarındakı mübahisəni sona çatdırmaq məqsədi ilə onlar birlikdə Samir İbrahimovun “VAZ-2102” markalı avtomaşını ilə Xaçmaz şəhəri, Əhməd Cavad küçəsinə gediblər. Orada avtomaşından düşərək yumruq-təpik davasına çıxıblar.

Ramin Samirin bədəninin müxtəlif nahiyələrinə əl-ayaq zərbələri vuraraq ona xəsarət yetirib. Hadisə yerində olan Samirin atası Nadirşah İbrahimov və Coşqun Cəbrayılov onları ayırmağa, dalaşanları sakitləşdirməyə çalışıblar. Bu dəfə Samir maşından götürdüyü ağac parçası ilə Ramini söyə-söyə, onun sol qoluna zərbə endirib. Zərbənin gücündən ağac parçası asfalt yola dəyərək qırılıb. Bu zaman müvazinətini saxlaya bilməyib yerə yıxıldıqda Ramin Məmmədov ona təpiklə bir neçə zərbə endirib.

Samir İbrahimov ayağa qalxaraq oradan uzaqlaşmaq istəyib. Bu vaxt Ramin Məmmədov Samirə çataraq ona atası Nadirşahın gözləri qarşısında çoxsaylı bıçaq zərbəsi vurub. Samir İbrahimov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər