10 Fevral 2022 14:03
13 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda 1988-ci il təvəllüdlü Aslan şəxsi münasibətlər zəminində 1995-ci il təvəllüdlü arvadı Səlbinazı (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Aslan 2020-ci il iyulun 19-da gecə saat 1 radələrində evin həyətyanı sahəsində yerləşən hamam otağında arvadı Səlbinazla mübahisə edib.

Mübahisə zamanı Aslan Səlbinazın bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və istilik sobasının dəmir borusu ilə vurub.

Səhər açılan kimi Səlbinaz atasına məxsus evə gedib. Aslanda həmin gün saat 10 radələrində arvadının arxasınca onlara yollanıb. Orada öz avtomobilindən götürdüyü bıçaqla Səlbinaza 8 bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Mənə xəyanət etdiyini bildim”

İstintaq orqanı tərəfindən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, üç dəfə rəsmi nikahda olub: “2013-cü ildə Səlbinazla rəsmi nikaha daxil olmuşam. Həmin nikahdan üç uşağımız olub. 2018-ci ilədək mehriban yaşasaq da, həmin ilin yay aylarında onun məndən gizli şəkildə mobil telefondan istifadə etdiyini bildim. Bu səbəbdən onunla mübahisə etdim. Səlbinazın tanımadığım şəxslərlə danışaraq mənə xəyanət etdiyini öyrəndim.

Son üç ildə Səlbinazla qeyd etdiyim səbəblərdən mübahisə və münaqişələrimiz olsa da, o, dediklərimə əhəmiyyət vermədi”.

“Anam arvadımın getdiyini dedi”

Aslanın sözlərinə görə, hadisədən bir gün əvvəl işdən evə gələndə Səlbinazın evdə olmadığını görüb: “Bu barədə anamdan soruşdum. Anam Səlbinazın paltarlarını, əşyalarını, mənə məxsus 12 ədəd “Classic” və “Argo” markalı siqaretləri götürərək evdən getdiyini bildirdi. Həmin gün günorta radələrində Səlbinazın xalasının oğlu ilə onu avtomaşınla Ağdaş şəhərinə aparmasına görə mübahisə etmişdim. Saat 24 radələrində piyada kənd yoluna çıxdım və Səlbinazı axtarmağa başladım”.

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün, gecə saat 1 radələrində Səlbinazı Tofiqi kəndindən çıxarkən görüb, qol nahiyəsindən tutaraq evə aparıb: “Yolda Səlbinaz yalvararaq onu vurmamağımı xahiş etdi. Mən də kənd camaatının görməməsi üçün onu vurmadım.

Evə gətirdikdən sonra Səlbinazı həyətyanı sahədə yerləşən hamama saldım, orada onu 1-2 dəfə yumruq və təpiklə sifət, boyun nahiyələrinə vurdum. Səlbinaz yıxılaraq hamamda olan sobaya dəydi. Nəticədə sobanın dəmir borusu Səlbinazın arxa boyun və bel nahiyəsinə düşdü. Sonra çantadan Səlbinazın evdən götürdüyü siqaretləri çıxardım, yaşadığım evə getdim. Səlbinaz bir neçə dəqiqə ağladıqdan sonra məndən üzr istədi, yataq otağına gəldi və biz yuxuya getdik”.

Aslan qeyd edib ki, səhər saat 9 radələrində arvadı Səlbinaz qonşuluqda yaşayan Əli adlı şəxsin mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi barədə məlumat verib, Ağdaş rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlib: “Səlbinazın izahatını aldılar, məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün Ağdaş rayon polis şöbəsinə apardılar. Həmin gün saat 11 radələrində Ağdaş rayon polis şöbəsinə getdim, izahat verdim. Səlbinaz qızımız Ləmanla birlikdə atası Vəlinin yaşadığı kəndinə gedib, orada qaldı”.

Təqsirləndirilən şəxs deyib ki, səhəri gün azyaşlı övladları Mahir və Səmayə ilə birlikdə VAZ-21043 markalı avtomobillə azyaşlı övladı Ləmanı görmək məqsədi ilə həmin kəndə gəlib:

“Nehrəxəlil kəndinə çatdıqda Səlbinazın atasına məxsus evin qarşısında maşını saxladım, evdə Səlbinazın analığı Xumar məni qarşıladı. O, Səlbinazın evdə olmadığını və Ləmanla birlikdə Ağdaş şəhərində yaşayan bacısının yanına getdiyini bildirdi”.

“Dedi ki, yaxınlığım var, cinsi ilə əlaqədə oluram”

Aslan deyib ki, həmin vaxt Xumar, Səlbinazın ögey qardaşları – Namil və Natiq evdə imiş: “Bir neçə dəqiqə sonra Səlbinaz Ləmanla birlikdə həmin evə gəldi, bacısının yanına getdiyini bildirdi. Övladlarım anaları Səlbinazla görüşdükdən sonra ona təklikdə söhbət etmək istədiyimi bildirdim.

Birlikdə evin arxasında yerləşən həyətyanı sahəyə getdik. Övladlarım, qayınlarım Namil və Natiq həyətdən çıxaraq mənə məxsus avtomobilin yanında oynamağa getdilər. Qayınanam Xumar da uşaqlara nəzarət eləmək üçün onların yanına yollandı.

Səlbinazla söhbət zamanı ona hansı səbəbdən barəmdə polis şöbəsinə şikayət etdiyini, mütəmadi olaraq kənar şəxslərlə danışdığını, qonşumuz Əli ilə hansı münasibət saxladığını soruşdum.

Səlbinaz cavabda bildirdi ki, yaxşı eləyirəm, hələ gör sizə neyniyəcəm, səni tutduracam, Əli ilə mənim yaxınlığım var, onunla cinsi əlaqədə oluram, yaxşı edirəm, əlimin içindən gəlir. Səlbinazın dediyi sözlərdən sonra həyətdən çıxdım, avtomobilimdə sürücü oturacağının altında saxladığım və kənd təsərrüfat işlərində istifadə etdiyim mətbəx bıçağını götürdüm, əynimdəki paltarın alt hissəsinə qoydum.

Sonra övladlarımı avtomobilə əyləşdi, qayınlarım da avtomobilin qapılarını açıb-örtərək uşaqlarla oynadı. Xumar isə avtomobilindən kənarında duraraq uşaqlara nəzarət etdi. Avtomobildən bıçaq götürdüyümü heç kim görmədi və heç kim hiss etmədi”.

“Övladlarımla birlikdə oradan ayrıldım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, həyətə daxil olanda Səlbinaz evin qarşısına gəlib: “Səlbinaza söhbətimizin bitmədiyini bildirdim, arxa həyətyanı sahəyə gəlməyini istədim. O, mənimlə evin arxasına keçdikdən sonra bir daha qonşumuz Əli ilə hansı əlaqələrinin olmasını soruşdum. Səlbinaz isə əsəbi şəkildə dedi ki, sənin bilmədiyin şeylər çoxdur. Bu sözdən sonra əynimdəki köynəyin alt hissəsində saxladığım bıçağı çıxardım, onun bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurdum.

İlk bıçaq zərbəsindən sonra qışqırdığı üçün sol əlimlə onun ağız nahiyəsindən tutdum. Səlbinaz yerə yıxılaraq xırıldamağa başladı. Əsəbi olduğum üçün yalnız arxa boyun və qarın nahiyələrinə vurduğum zərbələrini xatırlamışam.

Həyətyanı sahədən çıxaraq evin qarşısında gəldim. Xumar əlimdə qanlı bıçaq olduğunu gördü, kənara çəkildi. Bir neçə dəqiqə sonra Xumar arxa həyətyanı sahəyə keçdi, qışqırmağa başladı. Mən isə avtomobilə əyləşdim, övladlarımla birlikdə oradan ayrıldım”.

“Arvadımı öldürdüyümü dedim”

Aslan bildirib ki, yolda Ağdaş rayon polis şöbəsinin təhqiqatçısına zəng vurub və arvadı Səlbinazı öldürdüyünü, övladlarını yaşadığı evə düşürüb, sonra polis şöbəsinə gələcəyini bildirib: “Təhqiqatçı isə onu gözləməyimi, qısa zamanda polis əməkdaşlarının gələcəyini bildirdi. Övladlarımı yaşadığım evə düşürdükdən sonra qapının ağzında polis əməkdaşlarını gözlədim.

Bir neçə dəqiqədən sonra Ağdaş rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Pünhan adlı şəxs tanımadığım digər polis əməkdaşları ilə birgə yaşadığım evə gəldilər. Onlara bıçağı təqdim etdim, törətdiyim hadisə barədə məlumat verdim. Törətdiyim əməlimdən peşmanam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Aslan 15 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər