21 Noyabr 2014 11:57
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonu Səfikürd kənd sakini, 1985-ci il təvəllüdlü Aydın Çingiz oğlu Hüseynov yetkinlik yaşına çatmayan qızı - həmkəndlisi, 1999-cu il təvəllüdlü L.O.-nu qaçırıb. Teleqraf.com xəbər verir ki, hadisə 2013-cü ilin dekabr ayında baş verib.

L.O. Aydın Hüseynovun dayısı qızıdır. Aydın Hüseynov 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. O, həmin ilin dekabr ayının sonlarında L. O. ilə cinsi əlaqədə olub. Qız iki aylıq hamilə olandan sonra el adəti ilə cütlüyün toyları olub.

Toydan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Aydın Həsənovun azyaşlı ilə toyu olmasından xəbər tutublar. Bundan sonra Aydın Hüseynov məsuliyyətə cəlb olunub.

O, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.

“Dayım qızı ilə evlənmək istəmişəm”

Hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, ailəsi ilə birlikdə Goranboyun İrəvanlı kəndində yaşayır: ”2013-cü ilin dekabr ayında dayım qızı L.O. ilə evlənmək istəmişəm. Bu məqsədlə L.O.-nun razılığı ilə birlikdə onların evindən görüşmüşük və onunla birlikdə Gəncə şəhərinə getmişik. Onu Gəncə şəhərində olan qohumlarımın evinə aparmaq istədim. Amma L.O. azyaşlı olduğu üçün qohumlarım bizi qəbul etmədi. Bu səbəbdən də Gəncə şəhərində kirayə ev tutmaq məcburiyyətində qaldım. Bir müddət L.O. ilə birlikdə kirayə tutduğum evdə yaşamağa başladım”.

“Bacımın evində L.O. ilə cinsi əlaqədə olduq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2013-cü ilin dekabr aylarının sonlarında L.O. ilə birlikdə Goranboy rayonunun İrəvanlılar kəndinə gəliblər: “Biz həmin kəndə yaşayan bacım A.H.-nın evinə getdik. Bacımın evində L.O. ilə cinsi əlaqədə olduq. 2014-cü ilin fevralında L.O. özünü pis hiss etdi. Bu səbəbdən də onubacım ilə birlikdə Goranboy rayon Mərkəzi Xəstəxanasına apardıq. Orada məlum oldu ki, L.O. iki aylıq hamilədir. 2014-cü il aprelin 6-da L.O. ilə toyumuz oldu. Biz ər-arvad kimi yaşayırıq. Məhkəmədən bizim birlikdə yaşamağımıza imkan verməsini xahiş edirəm”.

“Müayinə olunandan sonra hamilə olduğum üzə çıxdı”

Zərərçəkmiş L.O. məhkəmədə verdiyi ifadəsində evlənmək məqsədilə Aydın Hüseynova qoşularaq qaçdığını deyib. Onun sözlərinə görə, qarşılıqlı razılıq əsasında dekabrın sonlarında Aydın Hüseynovla cinsi əlaqədə olub: “2014-cü ilin fevralın 20-də özümü pis hiss etdim. Bu səbəbdən Aydın bacısı ilə birlikdə məni xəstəxanaya apardı. Orada müayinə olunandan sonra hamilə olduğum üzə çıxdı. Aprelin 6-da isə Aydınla toyum oldu”.

“Azyaşlının hamilə olması ilə bağlı polisə xəbər verdik”

Cinayət işi üzrə ifadə verən Goranboy rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin mama-ginekoloqu Günay Mustafayeva bildirib ki, 2014-cü ilin fevralın 20-də Goranboy rayonunun İrəvanlılar kənd sakini, 1999-cu il təvəllüdlü L.O.-nu müayinə edib: “Müayinə zamanı L.O.-nun 8 həftəlik hamilə olduğunu bildik. Bu səbəbdən də L.O.-nu qeydiyyata aldıq və onu həkim nəzarətinə götürdük. Azyaşlının hamilə olması ilə bağlı Goranboy rayon Polis şöbəsinə xəbər verdik”.

“Qızımın hamilə olduğunu bilmişəm”

Şahid qismində azyaşlının atası Y.O. ifadə verib. O, deyib ki, ailəsi ilə birlikdə Goranboy rayonunun İrəvanlılar kəndində yaşayır: “Aydın Hüseynov bacım oğludur. O, həm də bizimlə birlikdə qonşuluqda yaşayır. 2013-cü ilin dekabr ayının əvvəllərində qızım bacım oğlu ilə qaçıb. Lakin qızımın azyaşlı olduğu üçün bacım oğlu ilə evlənməsinə razı olmamışam. Buna baxmayaraq, qızım Aydınla birlikdə qoşularaq Gəncə şəhərinə qaçıblar. Bir müddət orada kirayə tutduqları evdə yaşayıblar. 2014-cü ilin fevralında qızımın hamilə olduğunu bilmişəm”.

Məhkəmənin hökmü ilə Aydın Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və həbs qəti imkan tədbiri seçilib. Aydın Hüseynov məhkəmə zalından həbs edilib.

Məhkəmənin hökmündən Aydın Hüseynov, zərərçəkmiş L.O. və onun atası Y.O. apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində Goranboy rayon Məhkəməsinin hökmünün ləğv edilməsini tələb ediblər. Tələbə əsasən, Aydın Hüseynovun barəsində həbs olmayan cəzanın verilməsi istənilib.

Hər üç şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətlər hakim Rəşid Məhərrəmlinin sədrlik etdiyi kollegiyada araşdırılıb. Prosesdə elan olunan qərara görə, tərəflərin şikayəti təmin edilib. Aydın Hüseynovun cəzası 3 aya endirilib. Onun həbsdə yatdığı gün təyin edilən cəza ilə əvəzlənib və Aydın Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Gəncə şəhər Regional Perinatal Mərkəzinin məhkəməyə təqdim etdiyi arayışda L.O. sentyabrın 11-də oğlan uşağını dünyaya gətirib. Sentyabrın 16-na kimi azyaşlı ana mərkəzdə həkim müayinəsi altında saxlanılıb. Sentyabrın 16-da ana uşağı ilə birlikdə evə buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər