Bakıda qətl törətməkdə təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əli Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il noyabrın 9-da, saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş verən mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
İstintaq orqanı tərəfindən Əli Musayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.