Şəmkir rayonunda 1979-cu il təvəllüdlü Rövşən Ramazanov həmyerlisi Samir İsgəndərovu bıçaqlayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 23 sentyabr 2021-ci ildə baş verib.
İstintaq orqanı tərəfindən Rövşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Natiq Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlidir, himayəsində bir azyaşlı övladı var:
“Sentyabrın 22-də tanışım Ceyhunla çayxanada olduğum zaman əvvəllər qonşu kimi yaşadığımız Raufla Şahin zəng etdilər. Onlar Dəllər qəsəbəsində kafedə oturub yeyib-içdiklərini bildirdilər. Bundan sonra Ceyhunla Raufun olduğu kafeyə getdik. Yeyib-içdikdən sonra saat təxminən 23 radələrində Rauf və Ceyhunla kafedən çıxdıq. Oradan “Qaqalar” kafesinə pivə içməyə getdik.
Kafedə Raufun qaynı Paşanın tək oturaraq pivə içdiyini gördüm, onu da öz stolumuza çağırdım. Pivə içdikdən sonra gec olduğundan Ceyhunla kafedən çıxdıq. Küçənin yuxarı tərəfində taksı gözlədiyim zaman xatırlamadığım bir nəfər gələrək Raufun qanın içində olmasını və həmin küçədə yerləşən “İstiqlal” parkı istiqamətinə apardıqlarını bildirdi. Ceyhunla nə baş verməsini öyrənmək üçün park istiqamətinə getdik”.
Təqsirləndirilən şəxs bildirib ki, parkın içərisinə girdiyi zaman Raufun üst-başının qana bulaşdığını, yanında isə Paşanın və tanıdığı Samir adlı şəxsin dayandığını görüb: “Raufu kimin döydüyünü soruşdum. Həmin vaxtı sərxoş olduğumdan nə danışdığımı, Samirlə necə mübahisə yarandığını xatırlamıram.
Samir sinəmdən təpiklə vuraraq məni yerə yıxdı. Ayağa qaldxığım zaman yenidən üzərimə gələrək məni yumruqla vurmaq istədi. Ona gücüm çatmayacağını gördüm. Cibimdən bıçağı çıxararaq Samirin qarın nahiyəsindən vurdum. Həmin vaxtı polislərin gəldiyini bildirdilər. Qorxduğumdan bıçağı cibimə qoyaraq oradan qaçdım. Sonra polis əməkdaşlarının məni axtardğını eşitdim. Təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinə gəldim. Cinayət törədərkən istifadə etdiyim bıçağı polis şöbəsində təqdim etdim.
Həmin vaxtı parkın içərisində Rauf, Paşa və Ceyhundan başqa şəxs olmayıb. Samirə gücüm çarmadığından onun məni döyməsindən qorxduğum üçün bıçaqla özümdən kənarlaşdırmaq üçün vurmuşam. Hadisədən sonra Samirlə barışmışam, tibbi xərclərlə bağlı kömək etmişəm. Əməlimdən səmimi peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirin sözlərinə görə, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur:
“Sentyabrın 22-də saat təxminən 24 radələrində yaşadığım küçədə yerləşən “Qaqalar market”ə siqaret almağa getdim. Marketin qarşısına çatdığım zaman orada qonşumuz Paşanı, onun da yanında “Tosu” ləqəbi ilə tanıdığım Raufu gördüm. Rauf həddindən artıq sərxoş vəziyyətdə idi. Eyni zamanda sir-sifəti qan içində olub.
Paşa mənə həmin şəxsin yeznəsi olduğunu və Raufu evə aparmağa kömək göstərməyi məndən xahiş etdi. Birlikdə Raufun qoluna girərək evləri istiqamətində aparmağa başladıq. Rauf sərxoş oluğundan onu zorla aparırdıq. Paşadan Raufa nə olmasını soruşdum. o da Raufun sərxoş vəziyyətdə səndələyərək yıxıldığını və həmin vaxtı “Qaqalar” marketin şüşəsini toxunaraq qırdığını, bu zaman xəsarət aldığını bildirdi. Biz “İstiqlal parkı”nın içərəsinə çatdığımız zaman qarşıdan uşaqlıqdan “Pələş” kimi tanıdığım Rövşənin başqa bir tanışımız Ceyhunla gəldiyini gördüm. Ceyhuna Raufu apara bilmədiyimi, ona görə də Raufu aparmağa köməklik göstərməyi xahiş etdim”.
Samir bildirib ki, Rövşən “bunu kim belə hala salıb” deyərək nalayiq söyüş söyüb: “Rövşəndən nə səbəbə söyməsini soruşdum. O da “yaxşı edirəm” dedi. Buna görə ona şillə vurdum. Yenidən Rövşəni vurmaq üçün üzərinə getdim. O, mənə yumruq atdı, yumruğu qarnımdan dəydi. Yenidən yumruq atdıqda onun əlində parlayan nəyinsə olduğunu gördüm. Bunun bıçaq olduğunu başa düşdüm.
Rövşənin qolundan tutaraq fırlayan zaman bıçaq sinəmin sol tərəfini sıyırdı. Onu kənara itələdim. Bu vaxt qarnımın isindiyini hiss etdim. Paşaya Rövşənin məni bıçaqla vurduğunu bildirdim. Ceyhunla Rövşən bıçaq söhbətini eşidən kimi oradan qaçdılar. Mən də qarnımı tutaraq yaşadığım ev tərəfə getdim. Parkan çıxaraq evə getdiyim zaman qonşum İmamverdini gördüm, ondan məni xəstəxanaya aparmağı xahiş etdim”.
Rövşən 1 il müddətinə azadlıqdan məhrum edilib.