Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Prokurorun səsləndirdiyi ittihamdan məlum olur ki, Elvin İsmayılov müxtəlif şəxslərə Dövlət Neft Şirkətinə (ARDNŞ) işə düzəldəcəyi barədə vəd edib. O, bu yolla dələduzluq edərək Rəfael Əhmədovdan əvvəlcə 3000, sonra isə 2000 manat alaraq mənimsəyib.
Bundan başqa o, tanışı Namiq Hacıyevlə əvvəlcədən razılığa gələrək Fikrət Hüseynova məxsus olan və Əhmədli qəsəbəsi, Cavanşir küçəsində yerləşən 4 saylı evin 1 nömrəli mənzilini Rəfael Əhmədova göstərərək evin 65000 dollara satılması barədə yalan məlumat verib. Rəfael Əhmədov mənzili almağa razılıq verəndən sonra iyul ayının 14-də mənzilin pulunu ödəmək üçün 43500 manatı ABŞ dollarına dəyişmək üçün Rəfael Əhmədova “Bank of Baku”nun Bakıxanov qəsəbəsindəki filialına getməyi təklif edib. Elvin İsmayılov pulları dəyişəcəyi barədə yalan vəd verməklə 43500 manatı Rəfael Əhmədovdan alaraq mənimsəyib.
Prokurorun çıxışından sonra təqsirləndirilən şəxs ifadə verməyə başlayıb. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Elvin İsmayılov bildirib ki, Rəfael Əhmədovla arvadının dayısı Rasim vasitəsilə tanış olub: “Rasim zəng vurub Rəfaeli işə düzəltməyi xahiş etdi. Rəfaellə görüşdük, onu ARDNŞ-ə düzəldə biləcəyimi, bunun üçün 2000 manat tələb olunduğunu dedim. Rəfael arvadını və onun rəfiqəsini də işə düzəltməyimi xahiş etdi. Rəfaeli aldadaraq ondan üç dəfəyə 6000 manat, sonda isə 1000 manat aldım. Onları işə düzəltmək imkanım olmayıb. Aldığım pulları özümə sərf etmişəm”.
“Dedim ki, satlıq ev göstərək”
Elvin İsmayılov qeyd edib ki, həmin ərəfədə Rəfael ona ev almaq istədiyini, 43500 manatı olduğunu deyib: “Mən də həmin pulu ələ keçirmək fikrinə düşdüm. Tanışım Namiqə dedim ki, gəl Rəfaelə satlıq ev göstərək, qiymətini yalandan ucuz deyək, almağa razılıq verəndən sonra pulu bizə verməsinə nail olaq. Evi tapmağı Namiq öz öhdəsinə götürdü. Bir neçə gündən sonra Namiq ”Nargilə" kafesinin yanında 75000 dollara mənzil olması barədə məlumat verdi, mən də Rəfaelə dedim. Rəfael mənzilə baxmaq istədi. Namiqlə birlikdə Rəfaeli və arvadını həmin mənzilə apardıq ki, baxsınlar. Mənzil Namiqin tanışının idi. Mənzil Rəfaelgilin xoşlarına gəldi. Onlara qiyməti 65000 dollara endirdiyimi dedim. Rəfael cəmi 55000 dollarının olduğunu bildirdi. Ona ev sahibini razı salacağımı, yerdə qalan pulu hissə-hissə ödəyə biləcəyini dedim".
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, iyulun 14-də sənədləşmə aparmaqdan ötrü Rəfaellə görüşüb: “Ona dedim ki, ev sahibi mənzilin pulunu dollarla tələb edir. Pulu dəyişmək üçün ”Bank of Baku"nun Bakıxanov qəsəbəsindəki filialına getdik. Pulu dəyişmək üçün Rəfaeldən aldım və əvvəlcədən razılaşdığımız kimi Namiqin məni gözlədiyi yerə getdim. Rəfaelə bir neçə dəfə zəng vuranda dedim ki, pulu dəyişmək üçün başqa banka getmişəm. Namiqlə görüşüb pulun 15000 manatını ona verdim. Həmin gecə oteldə gecələdim. Ertəsi gün “20 yanvar” ərazisində polislər tərəfindən saxlanıldım".
“Məni inandırdı”
Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Rəfael Əhmədovun sözlərinə görə, hadisədən bir ay əvvəl yaşadıqları mənzili satıb: “Mənzil almaq üçün ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etdim. Həmin ərəfədə Elvin İsmayılovla tanış oldum. Elvinə 45-50 min dollar dəyərində ev almaq istədiymi dedim. Elvin də tez-tez zəng vurub torpaq və ev təklif edirdi. Bir dəfə isə dedi ki, 3000 manata onu ARDNŞ-də platformada işə düzəltmək imkanı var. Razılaşdıq ki, əvvəl 2000, sonra isə 1000 manat verəcəyəm. İyunun 24-də notariat kontoruna gələrək 2000 manata kredit müqaviləsi bağladıq. Elvin mənə iyulun 15-də işə çıxacağıma söz verdi. Müqavilə bağlanandan üç-dörd gün sonra ARDNŞ-da başqa işlərin də olduğunu dedi, işə düzəlmək istəyən olsa xəbər verməyimi xahiş etdi. Mən də evdə həyat yoldaşıma və onun rəfiqəsinə bu barədə məlumat verdim. Onlar da işə düzəlmək istədiklərini dedilər. Elvin hər birimiz üçün 2000 manat istədi. Onunla razılaşdım. Məni inandırdı ki, həyat yoldaşımı şirkətə laborant düzəldəcək. Hamımızın fotoşəkillərini, şəxsiyyət vəsiqələrimizi və SV blanklarımızı, əlavə olaraq ona 1000 manat da verdim. İyulun 10-da Elvin zəng vurub Əhmədli qəsəbəsində ucuz ev olduğunu dedi. Elvinlə görüşəndə mənzilin açarlarının ev alqı-satqısı ilə məşğul olan şəxsdə olduğunu söylədi. Elvinin tanışı Namiq adlı şəxs də gəldi. Ev alqı-satqısı ilə məşğul olan şəxs mənzili göstərdi, xoşumuza gəldi, 65 min dollara razılaşdıq. İki gün sonra Elvinə beh vermək üçün zəng vuranda dedi ki, ev sahibi burada yoxdur, sabah gələr, alqı-satqı edərsiniz”.
“Aldadıldığımı başa düşdüm”
Zərərçəkmiş daha sonra qeyd edib ki, ertəsi gün 43500 manat götürüb Elvinin yanına gedib: “Elvin mənə pulu dollara çevirmək lazım olduğunu, ev sahibinin belə istədiyini dedi. Elvinin təklifi ilə ”Bank of Baku"ya getdik. Banka daxil olub ikinci mərtəbəyə qalxdıq. Xəzinədə növbə olduğundan gözləmə zalında əyləşdik. Elvin dəyişmək üçün pulu istədi. İnandığım üçün pulun hamısını ona verdim. Həmin vaxt Namiq də yanımızda olub. İki dəqiqə sonra Namiq su almaq üçün getmək istədiyini dedi. Bu səbəbdən əlimdəki su qabını ona verdim. Namiq suyu içəndən sonra butulkanı atmaq üçün aşağı düşdü. Onun hərəkətlərindən şübhələnərək arxasınca getsəm də, nə Namiqi, nə də Elvini tapa bildim. Elvinin mobil telefonuna zəng vuranda o, valyutadəyişmə məntəqəsində olduğunu dedi. Təkrar zəng vuranda isə Elvinin telefonu söndürülmüşdü".
Rəfael Əhmədov daha sonra qeyd edib ki, aldadıldığını başa düşərək bu barədə Daxili İşlər Nazirliyinin “102" zəng mərkəzi ilə əlaqə saxlayaraq dələduzluqla üzləşməyi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, ertəsi gün Elvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd edib ki, həmin gün onun üstündə 22500 manat aşkar olunub. O, 21 min manatının hələ də Elvin İsmayılov tərəfindən qaytarılmadığını deyib.
Məhkəmə iclası dekabrın 9-da davam etdiriləcək.
Hacı