19 Dekabr 2014 12:45
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apelyasiya Məhkəməsi mütəşəkkil dəstənin işinə yenidən baxdı

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Mircavad Məcidov, Zamin Əhmədov, Famil Həşimov, Aqil Quliyev və Həmayıl Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

İstintaq müəyyən edib ki, Mircavad Məcidov satış məqsədilə külli miqdarda narkotik əldə edərək Azərbaycanın gömrük sərhədindən nəzarətdən kənar keçirmək üçün tanışı Aqil Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib. Onlar İran vətəndaşına narkotik sifariş veriblər. Həmin narkotik vasitəni 1700 ABŞ dollarına alacaqlarına razılaşıblar.

Mircavad və Aqil narkotiki aprelin 26-da sonuncunun idarə etdiyi “VAZ-2107" markalı avtomobillə Masallı rayonundan Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə aparıblar. Onu tanışları Zamin Əhmədov və Famil Həşimova veriblər.

Zamin Əhmədov və Famil Həşimov həmin narkotik vasitələri atmaq üçün həmin gün saat 22.30 radələrində Azərbaycanın dövlət sərhədinə gətiriblər. Orda da şəxsiyyətləri istintaqa məlum olmayan İran vətəndaşları ilə görüşüblər və narkotik vasitələrin alınması barədə sövdələşiblər.

Dəstə başçısı yoldaşlarını aldatdı

Daha sonra dəstə üzvləri narkotik vasitələrin yenidən Azərbaycana keçirilməsi barədə İran vətəndaşları ilə razılıq əldə ediblər. Narkotiki Araz çayından qayıq vasitəsi ilə İrandan Azərbaycana gətirə biliblər və yenidən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə qayıdıblar. Aqil Quliyev, Zamin Əhmədov və Famil Həşimovu həmin kənddə Mircavad Məcidov qarşılayıb.

Bundan sonra Mircavad və Aqil narkotiki Masallı rayonuna aparmaq üçün yola çıxıblar. Aqil Biləsuvar şəhəri ərazisində siqaret almaq üçün avtomobildən düşüb və dükana girib. Mircavad Məcidov isə fürsətdən istifadə edərək avtomobildəki 8039,2 qram tiryəki və 501,8 qram heroini təkbaşına Masallı rayonunun Təzəkənd kəndinə gətirib və yeni inşa etdirdiyi evin birinci mərtəbəsində quma basdırıb.

Mircavad Məcidovun külli miqdarda narkotiki satmaq üçün müştəri axtarması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən əməliyyat keçirilib. Mircavad Məcidov saxlanılıb.

Azərbaycan vətəndaşları İranda girovluqda

Aparılan istintaq zamanı məlum olub ki, qrup üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil ediblər. Dövlət Sərhəd Xidmətinin keçirdiyi tədbirlər nəticəsində qrupun Azərbaycan vətəndaşlarından olan Famil Həşimov və Aqil Quliyev tutulub.

Araşdırmalardan məlum olub ki, İrandan Azərbaycana gətirilmiş narkotik vasitənin müqabilində 2 Azərbaycan vətəndaşı - Masallı rayon sakinləri Zamin Əhmədov və Həmayıl Məmmədova İranın Parsabad şəhərinin Əlirzabas kəndində girovluqdadır, onların səhhətinə və həyatına ciddi təhlükə var.

İran sərhəd polisinin aidiyyəti qurumu bu barədə məlumatlandırılıb, qarşı tərəflə mütəşəkkil qrup üzvlərinin müəyyənləşdirilərək aşkar edilməsi, zərərsizləşdirilməsi və Azərbaycan vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirin keçirilməsi razılaşdırılıb.

İran vətəndaşlarından ibarət 4 nəfər həbs olunub və girovluqdakı Azərbaycan vətəndaşları azad edilərək mayın 3-də təhvil verilib.

Dəstə üzvlərinə 54 ildən çox cəza

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mircavad Məcidov 13 il 6 ay, Zamin Əhmədov 11 il 11 ay 28 gün, Famil Həşimov 10 il 11 ay 28 gün, Aqil Quliyev 10 il 5 ay 28 gün, Həmayil Məmmədova 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalıb.

Dövlət ittihamçısı Azər Abbasovun imzası ilə məhkəməyə daxil olan apelyasiya protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunub. Həmçinin təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Qarşılıqlı şikayətlər araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərə həddindən artıq yüngül cəza təyin edildiyini deyib. O, Zamin Əhmədov, Famil Həşimov, Aqil Quliyev, Həmayil Məmmədovanın cəzalarının ağırlaşdırılmasını tələb edib.

Mircavad Məcidov bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları kobud surətdə pozulub, onların haqlı vəsatətləri təmin edilməyib. O, cəzasının aşağı həddə təyin edilməsini istəyib. Mircavad Məcidov həmçinin bildirib ki, cinayət törətdiyi zaman idarə etdiyi “VAZ-21074" markalı avtomobil Teymur Quliyevə məxsudur.

Təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə müsadirə olunan həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini və həmin avtomobilin sahibinə qaytarılmasını xahiş edib.

Famil Həşimov isə deyib ki, narkotik vasitələrin İrandan gətirlməsindən xəbəri olmayıb. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət almasını istəyib.
Famil Həşimov ifadəsində dövlət sərhədini pozduğunu etiraf edib. O, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə cəzalandırılmasını xahiş edib. Aqil Quliyev və Zamin Əhmədov da bəraət almalarını istəyiblər.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Mircavad Məcidovun apelyasiya şikayəti qismən təmin edilib. Teymur Quliyevə məxsus avtomobilin üzərinə qoyulmuş həbs götürülüb və məhkəmənin qərarı ilə avtomobil sahibinə qaytarılıb.

Məhkəmə prokurorluğun protestini və təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər