Göyçay rayonunda baş verən qətl olayının üstü açılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avqustun 13-də, saat 02 radələrində Göyçay rayonu, Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Sahib Abbasovun üzərində odlu silahdan yetirilməyə xarakterik olan xəsarətlərlə meyitinin kəndin un dəyirmanının həyətində aşkar edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu tutulub.
Ələsgər Xudiyevin Alpout kəndində yerləşən un dəyirmanının həyətində Sahib Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus “TOZ-25” markalı ov tüfəngi ilə sonuncuya 4 dəfə atəş açaraq öldürüb.
Ələsgər Xudiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sahibkarın meyiti Alpoud kəndində yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, 4 uşaq atası olan Sahib Abbasovun odlu silahdan açılan atəş nəticəsində güllə yarası aldığı və bu səbəbdən dünyasını dəyişdiyi müəyyən olunub.
Hacı Zeynalov