24 Dekabr 2014 15:36
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası – İnformasiya Resursları Mərkəzində təşkil olunmuş I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başlayıb.

Sərginin açılışında çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçirildiyini deyib.

Komitə sədri ölkəmizdə yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını, ölkə başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi nəticəsində iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətli inkişafına xidmət etdiyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir.

Yeni texnologiyalar və ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə bir sözlə insan kapitalına aid dəyərlərdir: “Fikrimizcə, rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirilməlidir”.

Ramiz Həsənov əlavə edib ki, müasir sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmiylə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir.

Bu isə öz növbəsində əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunu günbəgün artırır.

Açılış mərasimində digər natiqlər də çıxış ediblər.

Sonra sərgi povilyonları ilə tanışlıq aparılıb. Məlumat verilib ki, sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji”-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, nümyəndələri təmsil olunub.

Sərgi iki gün davam edəcək.


Müəllif:

Oxşar xəbərlər