İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşmənin üzvü 1967-ci il təvəllüdlü Taleh Rəşid Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, Taleh Yusifov şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin edib, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib.
Müəyyən edilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilib), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak etmiş, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib.
Taleh Yusifova Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.