Daxili İşlər Nazirliyi Bakının Səbail rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 6-da qeydə alınıb. Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, qətlə yetirilən Həsən Həsənov “Sahil bağı”nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib. H.Həsənovu qətlə yetirən şəxs onun dostu, 22 yaşlı Orxan Məmmədzadəyə də bıçaqla xəsarətlər yetirib.
Qətlə yetirilən H.Həsənov 1989-cu ilin 24 sentyabr tarixində Bakıda anadan olub və Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayırmış. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu isə Yasamal sakinidir.
İlkin məlumatlarda H.Həsənovun başının kəsildiyi bildirilsə də, sonradan onun ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən keçindiyi məlum olub. O.Məmmədzadə isə qarın boşluğundan kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Hacı Zeynalov