12 Oktyabr 2023 12:41
5 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran sakini, 1987-ci il təvəllüdlü Murad Cəfərov Rusiya Federasiyasında yaşayan tanışı Mixail Bronşteynə qarşı külli miqdarda dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Murad Mixail Bronşteynin Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarı ilə müflis elan edilmiş “Azərqaz” bankda fiziki şəxs kimi hesabında 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu və elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasına gələrək həmin vəsaiti bankın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondundan götürə bilmədiyini bilib.

Murad onun adına bank və digər maliyyə əməliyyatları həyata keçirmək üçün etibarnamə veriləcəyi təqdirdə pulu Əmanətlərin Sığortalanması Fondundan götürüb Mixail Bronşteynə göndərəcəyi barədə yalan vəd verib.

Mixaildən 2020-ci il avqustun 4-də etibarnamə alıb və bankda onun fiziki şəxs hesabında olan 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən “Xətai” filialında olan hesaba köçürülməsini təşkil edib.

Murad adı çəkilən filialdan 2020-ci il noyabrın 5-də həmin dövrün məzənnəsi ilə 61.919,1 manat təşkil edən 36.423 ABŞ dolları, 2020-ci il noyabrın 6-da göstərilən dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları və 2020-ci il noyabrın 11-də qeyd edilən dövrün məzənnəsi ilə 459.000 manat təşkil edən 270.000 ABŞ dolları məbləğində pulu götürüb. Pulu Mixail Bronşteynə göndərməyib və bununla da ona ümumilikdı 605.919,1 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2011-2017-ci illərdə “Lider pul köçürmələri” beynəlxalq şirkətində nümayəndə kimi işləyib:

“Azərbaycanda rəsmi nümayəndəliyi olmasa da, həmin şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankına verdiyi məktub əsasında nümayəndə kimi fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə “Lider” şirkətinin Rusiya Federasiyasında rəhbəri olan rus əsilli Olqa adlı xanımla tanış oldum. Olqa 2020-ci ilin mayında “WhatsApp” ani mesajlaşma xidmətindən zəng etdi, hazırda mənimlə birlikdə işləyən, yəhudi əsilli Rusiya Federasiyasında şirkətləri olduğu Mixail Bronşteyn adlı şəxsin Azərbaycan Respublikasında hazırda lisenziyası ləğv edilmiş “Azərqaz” bankında 356.423 dollar məbləğində şəxsi vəsaiti olduğunu, bundan başqa ona məxsus şirkətinin də bankda 3.100.000 dollar məbləğində vəsaiti qaldığını söyləydi. O, göstərilən vəsaitlərin tezliklə köçürülməsində köməklik etməyimi, qaytarılan məbləğin 10 faizi hissəsini mənə qonorar qismində verəcəyini bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Mixailin 2020-ci il avqustun 4-də ona verdiyi etibarnaməyə əsasən həmin ilin noyabr ayında bankdan 356.423 dolları alıb və bu barədə Olqaya məlumat verib: “Lakin Olqa pulu məndən istəmədi. Qeyd olunan məbləğdə pulu hüquqi şəxslərin də hesabında olan məbləğləri qaytarılması üçün xərcləməyimi bildirdi. Mən də buna görə 356.423 ABŞ dolları məbləğində pulu Olqaya və ya Mixailə qaytarmadım. Bundan sonra hüquqi şəxsin hesabında olan pulun qaytarılması ilə bağlı işləri davam etdirsəm də, bilinməyən səbəblərdən köçürülmə gecikdi”.

İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Mixail Bronşteyn deyib ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur: “Azərbaycanda fəaliyyət göstərən bankda 2016-cı il tarixdə hesablaşmalar aparmaq üçün açdığı şəxsi hesaba müxtəlif vaxtlarda depozitə pul, cəmi 356.423 dollar qoydum. Həmçinin faktiki sahibi olduğum üç şirkətin də bankın depozit hesabında təxminən 3.100.000 dolları məbləğində pul olub.

Bank məhkəmənin qərarı ilə müflis elan edildiyindən pulu Əmanətlərin Sığortalanması Fondundan geri qaytara biləcəyini öyrəndim. Həmin zaman dünyada baş vermiş pandemiya ilə əlaqədar Azərbaycana gələ bilmədim. Rusiya Federasiyasındakı bankların birinin vitse-prezidenti olan tanışım Olqaya müraciət etdim. Olqa Azərbaycanda Murad adlı nümayəndəsi olduğunu, adı çəkilən şəxsin vasitəsi ilə pulun qaytarılmasına köməklik göstərəcəyini bildirdi.

2020-ci il avqustun 4-də Muradın adına etibarnamə verdim. Hüquqi şəxslərin də hesabında olan pulları qaytarmasını təmin etsə, 3.100.000 dolların 10-15 faizi məbləğində qonorar verə biləcəyimi dedim. Hesabıma heç bir məbləğdə pul köçürülməyəndə araşdırma apardım və Muradın məni aldatmaqla 2020-ci ilin noyabr ayında şəxsi hesabımda olan 356.423 dolları məbləğində pulu üç dəfəyə çıxararaq ələ keçirdiyini bildim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mixail Bronşteynin mülki iddiası qismən təmin edilib.

Mixail Bronşteynin xeyrinə maddi ziyana görə 435.919,1 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 725,92 manat, ümumilikdə 436.645,02 manat təqsirləndirilən şəxsdən tutulması barədə qərar qəbul edilib.

Mülki iddiası qalan hissədə baxılmamış saxlanılıb. Ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hökmdən apellyasiya şikayəti verib. Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Qədim Babayevin icraatına verilib. Məhkəmə baxışı oktyabrın 19-na təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər