Abşeron rayonunda 2002-ci il təvəllüdlü Səlim münaqişə zamanı Rəvanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 4-də, saat 20.00-da Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Vip” adlı kafedə baş verib.
Kafeyə müştəri qismində gəlib masaların birində əyləşən Səlim kafenin aşpazı Rəvanə ilə spirtli içki içib. Gecə saat 1-də Rəvanənin kafedə işləyən qadınlar barəsində xoşagəlməz ifadələr işlətməsini bəhanə edərək onunla mübahisə edib. Dəhlizdə pilləkənlərdən yıxaraq ona xəsarətlər yetirib.
Səlimin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyib. O bildirib ki, özünü Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə özünü günahkar sayır.
Səlim ifadəsində göstərib ki, Cəlilabad rayonunda qeydiyyatdadır, həmin ünvanda yaşayır və evlidir: “Bu səbəbdən ara-sıra həyat yoldaşımın məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşdığı Xırdalana şəhəri, Köhnə Statistikanın inzibati binasında yerləşən mənzilində qalıram. Zərərçəkmiş Rəvanəni əvvəllər kişi kimi tanımışam. Rəvanə özünü Ayaz kimi qələmə verib. Xarici görkəmcə də kişiyə oxşadığı üçün qadın olduğunu seçmək mümkün deyil”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Rəvanə Xırdalanda “Vip” adlı kafenin mətbəxində işləyib, əvvəllər aralarında heç bir ədavət olmayıb: “Hadisə baş verən günü saat 20 radələrində tək “Vip”ə getdim. Ayaz kimi tanıdığım Rəvanə masaya yaxınlaşdı və nə istədiyimi soruşdu. Ona toyuq və yağ verdim ki, bişirsin. Təxminən 2-3 gün əvvəldən tanıdığım, adını Xumar bildiyim qadın da kafeyə gəldi. Rəvanə və Xumarla birlikdə oturduq, yemək yeyib, spirtli içki qəbul etdik. Hətta həmin ərəfələrdə Rəvanəni “dayı” deyə çağırırdım. Rəvanə sərxoş vəziyyətdə musiqi qoyaraq oynadı”.
Təqsirləndirilən şəxs deyib ki, saat 1 radələrində Rəvanə kafedə işləyən qadınların ümumi olaraq ünvanlarına əxlaqsız sözlər deyib, kafeyə gələn şəxsləri də eyni adla adlandırıb: “Sözün mənə də aidiyyəti olduğuna görə xoşuma gəlmədi və ona irad bildirdim. Bir daha bu kafeyə gəlməyəcəyimi dedim.
Rəvanə qolumdan tutdu, məni kafenin dəhlizinə apardı. Mənimlə kobud danışaraq sinə nahiyəmdən bir neçə dəfə itələdi. Bu hərəkətlərə məhəl qoymadım. Hərəkətini bir də təkrarlayanda sinə nahiyəsindən itələdim. O, pilləkənlərdən yerə yıxıldı. Ona yaxınlaşdım, səhv etməsinə baxmayaraq günahın məndə olduğunu bildirdim, üzr istədim. Rəvanə isə ünvanıma nalayiq ifadələr işlədərək getməyimi tələb etdi. Heç bir söz deməyib kafedən çıxdım”.
Təqsirləndirilən şəxs həmçinin mübahisə zamanı Rəvanənin ona xəsarət yetirmədiyini, səs-küy olmadığını, musiqi çalındığı üçün səs-küydə heç kəs onların arasındakı mübahisəni hiss etmədiyini deyib. Bildirib ki, bundan başqa kafedə cəmi bir nəfər müştəri olub.
Təqsirləndirilən şəxs əlavə edib ki, mübahisə vaxtı Xumar yanlarında olmayıb, onun hara getdiyini bilməyib. O, ifasdəsinin sonunda zərərçəkmişlə barışdığını, əməlindən peşmançılıq çəkdiyini də deyib.
Zərərçəkmiş Rəvanənin sözlərinə görə, barəsində şikayət etdiyi Səlimi müştəri kimi tanıyıb: “Hadisə baş verən vaxt Xırdalan şəhərində yerləşən “Vip” adlı çay evində aşpaz kimi fəaliyyət göstərmişəm. 2022-ci ilin oktyabr ayının əvvələrindən "Vip"də işləmişəm. Kafe sahibinə özümü kişi cinsinin nümayəndəsi kimi təqdim etdim ki, məni işə götürsün. Xarici görkəmim də kişiyə bənzədiyinə görə inandırıcı olub. İşçilər də məni kişi kimi tanıyıblar”.
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən Səlim hadisə baş verən günü saat 20 radələrində işlədiyi kafeyə gəlib, masaların birində əyləşib, ona toyuq verərək bişirməsini xahiş edib: “Etiraz etmədim, amma yağ almağı da istədim. Toyuğu bişirdim, Səlimlə oturaraq spirtli içki qəbul etdik. Sonra Xumar da gəldi və bizimlə əyləşdi. O da spirtli içki qəbul etdi.
Səlimlə aramızda mübahisəyə səbəb mənim kafenin işçiləri barədə dediyim sözlər oldu. Səlimin kafedə işləyən qızlara tərəf olub, mənimlə kobud danışması xoşuma gəlmədi. Kafenin içərisində musiqi səslərindən bir-birimizi eşitmədiyimiz üçün Səlimi kafenin dəhlizinə dəvət etdim. Ona əməlinin düzgün olmadığını izah elədim. Səlim sinə nahiyəmdən itələdi. Pilləkənlərdən yıxılaraq sağ ayaq nahiyəmdən xəsarət aldım”.
Zərərçəkmiş şəxs deyib ki, daha sonra Səlim pilləkənlərdən düşüb, ona nə olduğunu soruşub: “Hirsli olduğuma görə ondan getməyi tələb elədim. Hadisə yerinə gələn kafenin sahibi Rasim məni xəstəxanaya apardı. Xəstəxanada Səlimin müalicəm üçün mənə köməklik göstərəcəyini düşündüm. Buna görə də yıxıldığımı bildirdim. Lakin Səlimdən bir xəbər çıxmadığı üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, özümü Ayaz adlı şəxsin bacısı kimi təqdim etdim, Səlim tərəfindən döyüldüyümü bildirdim”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səlimin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi həmin məcəlıənin 127.1-ci maddəsinə tövsif edilib.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Səlimə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunub.